Mustafa Nəsirovun 95 illiyi qeyd olunub FOTOLAR

Mustafa Nəsirovun 95 illiyi qeyd olunub FOTOLAR

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə "General Nəsirov" adlı film nümayiş olunub.

Qeyd edək ki, Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənd şəhərində anadan olub, 1938-ci ildə Dərbənd Pedaqoji məktəbi, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirmişdir. 1942-ci ildə Saratov Sərhəd İnstitutuna göndərilən Mustafa Nəsirov sonralar Orta Asiya Sərhəd Dairəsində xidmətə başlayıb. Şərəfli döyüş yolu keçmiş Mustafa Nəsirov sonralar Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi, Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. 1962-1968-ci illərdə isə Naxçıvan Sərhəd Dəstəsinin komandanı olub. 1964-cü ildə polkovnik hərbi rütbəsi alıb. O, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsi komandanın müavini təyin olunub.

1987-ci ildə istefaya çıxan Mustafa Nəsirov, Azərbaycan Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilib. Sərhəd dairələrində fədakar xidmətlərinə görə müxtəlif orden və medallar, fəxri fərmanlar almış Mustafa Cəfər oğlu Nəsirov ümummilli liderimiz Heydər Əliyev tərəfindən azərbaycanlı zabitlərin inkişafında göstərdiyi diqqət və qayğıya görə general-mayor ali hərbi rütbəyə layiq görülüb və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 oktyabr tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə