Beynəlxalq Mətbuat Mərkəzində əməkdar artist Natəvan Hacıyevanın "Televiziya dünənim, bu günüm və sabahımdır" adlı kitabın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbiri idarə edən yazar Sara Göyçəli N.Hacıyevanın yaradıcılığından danışıb: "Natəvan Hacıyeva Bakıda ziyalı ailəsində dünyaya göz açıb. O, orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub".
Mərasimdə söz alan publisist-politoloq Reyhan Mirzəzadə bildirib ki, N.Hacıyevanın bu kitabı Azərbaycan Televiziyasının yaranma tarixinə bir töhfədir. Kitabı vərəqləyən hər bir kəs N.Hacıyevanı daha yaxından tanıyacaq və onun keçdiyi ömür yoluna yenidən nəzər salacaq.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva kitabın çap olunmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib və Azərbaycan Televiziyasının keçdiyi tarixi inkişaf yolundan söz açıb.
Sonda kitabın müəllifi tədbir iştirakçılarına minnətdarlığını bildirib: "Noyabrın 6-da Azərbaycan televiziyasının 60, radiosunun isə 90 illiyi tamam olur. Mən də ömrümün 56 ilini milli televiziyada keçirmişəm. Ona görə də bu kitabı yazmağı özümə borc bildim. Bu əsəri gənc nəslə hədiyyə etdim. Gənclər Azərbaycan televiziyasının yaranmasını, keçdiyi inkişaf yolunu yaxşı bilməlidirlər. Mənə göstərilən böyük hörmət və ehtiramı daima uca tutacam və bundan sonra da gənc diktorların yetişməsi üçün əlindən gələni əsirgəməyəcəyəm".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB