Bu gün görkəmli Azərbaycan və sovet müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin anım günüdür. SİA-nın məlumatına görə, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb. Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib. Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı. Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb edib. Müslüm Maqomayev Eldar Quliyevin filmlərinə musiqi yazıb. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib. Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənib. Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Müslüm Maqomayev 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.




(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB