"Bəxt üzüyü" özbək dilində FOTOLAR

"Bəxt üzüyü" özbək dilində FOTOLAR

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın "Bəxt üzüyü" kinokomediyası Özbək dilinə dublyaj olunub. SİA0nın məlumatına görə, kinokomediyanın Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Səfirliyi, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət, kino sahəsində tanınmış nümayəndələri, "Özbəkkino" Milli Agentliyi, Özbəkistan Dövlət Televiziyasının nümayəndələri, yerli azərbaycanlılar, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov "Bəxt üzüyü" kinokomediyasının Özbək dilinə dublyajı Azərbaycanın müstəqilliyinin əldə etməsinin 25 illiyinə həsr edildiyini qeyd edib. O, bir sıra Azərbaycan filmlərinin Özbəkistanda məşhur olduğunu, "Arşın mal alan", "Əhməd haradadır", "Qaynana" filmlərinin Özbəkistan Dövlət Televiziyası tərəfindən hələ Sovet dövründə özbək dilinə dublyaj olunduğunu bildirib. Samir Abbasov dramaturq Vaqif Səmədoğlunun eyni adlı əsəri ilə ekranlaşdırılan "Bəxt üzüyü" kinokomediyası haqqında danışaraq, filmin həm komik, həm də fəlsəfi aspektdən düşündürücü olduğunu vurğulayıb. Filmin digər Azərbaycan kinoları kimi qısa müddətdə Özbəkistanda seviləcəyinə inandığını söyləyib.

"Bəxt üzüyü" kinokomediyasının Özbək dilinə dublyajını həyata keçirən tanınmış rejissor-operator Eldar Məmmədov dublyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistlərin iştirak etdiyini qeyd edbi və Azərbaycan filmlərinin Özbək dilinə dublyaj edilərək Özbəkistan kanallarında nümayişinin onun ən böyük arzusu olduğunu söyləyib. Eldar Məmmədov onlara bu imkanın yaradılmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Filmin ssenarisini Özbək dilinə tərcümə edən, tanınmış Özbək jurnalist Rüstəm Cabbarov, Özbəkistanın əməkdar artisti İsomat Erqaşov kinokomediyanın əsas sujetinin əsərin qəhrəmanı olan Saranın bəxt üzüyünün itməsi olduğunu, lakin dramaturq Vaqif Səmədoğlu yalnız, Saranın deyil, bütövlükdə cəmiyyətdə bir çox ailələlərin bəxtinin itməsini əsərin əsas sujetini təşkil etdiyini söyləyiblər.

Daha sonra Özbək dilinə dublyaj olunmuş "Bəxt üzüyü" kinokomediyası nümayiş etdirilib. Film Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Daşkənddəki "Ramsel film" studiyasında dublyaj olunub. "Bəxt üzüyü" kinokomediyası çoxsaylı tamaşaçıların marağına və alqışlarına səbəb olub.

Qeyd edək ki, film nümayiş etdirilmək məqsədi ilə Özbəkistanın Dövlət Televiziyasına və çoxsaylı televiziya kanallarına göndərilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə