Sankt-Peterburqda “Health&Medical Tourism 2016” adlı sərgi keçirilib FOTO

Sankt-Peterburqda “Health&Medical Tourism 2016” adlı sərgi keçirilib FOTO

Sankt-Peterburqda, Expoforum sərgi mərkəzində "Health&Medical Tourism 2016 " adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və Sankt-Peterburqun Səhiyyə Komitəsinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosasiyasının üzvləri(Naftalan Qaşaltı, Çinar Naftalan, Yengicə Termal, Qalaaltı, Duzdağ Naxçıvan sağlamlıq turizmi müəssisələri ) iştirak ediblər.

Sərginin açılışına qatılan Rusiyanın Sankt-Peterburq Hökumətinin vitse-qubernatoru Olqa Kazanskaya və Səhiyyə Komitəsinin sədri Valeriy Kolabutin Azərbaycan stendində kurort təsislərimiz tərəfindən təqdim olunan təkliflərlə yaxından tanış olublar. Rusiyanın Sankt-Peterburq administrasiyasının rəsmiləri ölkəmizdə müalicəvi turizmin xeyli inkişaf etdiyini və geniş imkanlara malik olduğunu qeyd ediblər.

Sərgi zamanı Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulu Sultan Qasımov Azərbaycan milli stendini ziyarət etmiş və "Azərbaycanın sağlamlıq turizmi imkanları" adlı seminar-təqdimat mərasimində iştirak edib.

Tədbirdə çıxış edən baş konsul Azərbaycanda analoqu olmayan müasir səhiyyə və turizm təsislərinin fəaliyyət göstərdiyini və Naftalan kurortunun uzun illərdir dünyada tanındığını qeyd edib. Azərbaycanda səhiyyə və turizm sahələrinin sürətlə inkişaf etdiyini bildirən Baş konsul S.Qasımov, bu istiqamətlərdə əldə olunan nailiyyətlərin ölkə Prezidenti Cənab İlham Əliyevin düşünülmüş siyasəti və həyata keçirdiyi islahatları nəticəsində əmələ gəldiyini vurğulayıb. Rusiyalı turistlərin Azərbaycana cəlb edilməsi zərurətinə diqqət çəkən diplomat ölkəmizi təmsil edən nümayəndələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev göstərdiyi dəstəyə görə başda Sultan Qasımov olmaqla, bütün baş konsulluq əməkdaşlarına təşəkkürünü bildirmiş, Sankt-Peterburq vilayətinin Azərbaycan üçün Sağlamlıq turizmi xarakterli səfərlərin təşkili baxımından çox əlverişli bir bazar olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycanda müalicəvi turizm mövzusuna həsr edilmiş təqdimat keçirilib. Təqdimatda çıxış edən "Naftalan", "Çinar", "Qalaaltı", "Qaşaltı", "Duzdaq" və "Qafqaz" otellər zəncirinin nümayəndələri bu müəssisələrin fəaliyyəti, xidmət növləri və müalicəvi xüsusiyyətləri barədə danışıblar.

14 oktyabr tarixinə qədər davam edən sərgidə 12 ölkədən 150-dək iştirakçı qatılıb. Ölkəmizin müalicəvi turizm potensialını təqdim edən stendə maraq yüksək olub.

Səfər çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının üzvləri Ümummilli Lider Heydər Əliyevin Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə