"Qu gölü" səhnədə

Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin baletinin tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, klassik balet sənətinin parlaq nümunələrindən biri olan tamaşa uzun illərdir ki, teatrın repertuarındadır. Baletsevərlər bu tamaşada əsas rollarda yerli sənətçilərlə yanaşı, xarici ölkələrdən dəvət olunmuş balet ulduzlarının çıxışlarını da hər zaman maraqla izləyir. Oktyabrın 22-də baş tutacaq tamaşanın özəlliyi bu tamaşada Odetta- Odilliya partiyasını ilk dəfə balet truppasının gənc solisti Ayan Eyvazovanın ifa etməsidir. A.Eyvazova truppanın ən ümidverən solistlərindəndir. O, Respublika Prezidenti mükafatçısı, balet artistlərinin 2014-cü ildə Berlində (Almaniya) keçirilən müsabiqəsinin bürünc medalının qalibidir. Tamaşada onun tərəf müqabili kimi truppanın aparıcı solisti Makar Ferştandt (Şahzadə Ziqfrid) çıxış edəcək. Digər əsas rollarda əməkdar artist Samir Səmədov (Rotbart), Kamran Qurbanov (Təlxək) və b. çıxış edəcək. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə