"Sirlər xəzinəsi" Daşkənddə FOTOLAR

"Sirlər xəzinəsi" Daşkənddə FOTOLAR

Özbəkistanın Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi, söz ustadı Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Sirlər xəzinəsi" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, özbək dilində "Maxzan ul-asror" adlanan kitab Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə "Kamalak" nəşriyyatında çap olunub.

Kitabı orjinaldan Özbək dilinə Özbəkistanın xalq şairi Camal Kamal çevirib. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.

Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində keçirilən təqdimat mərasimində Özbəkistanın ədəbiyyat sahəsində tanınmış simaları, elm, təhsil müəssisələrinin nümayəndələri, sözügedən Universitetin müəllim və tələbələri, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin prorektoru, professor Abulxay Sabirov Azərbaycan xalqının yetirdiyi ən böyük düha olan Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda böyük maraq və sevgi olduğunu, Özbək xalqının iftixarı Əlişir Nəvainin Nizamini öz ustadı saydığını və Nizamidən ilhamlanaraq "Xəmsə" əsərini yaratdığını bildirib. O, Nizamini dünyanın hər hansı bir şairi ilə müqayisə etməyin qeyri-mümkün olduğunu çıxışında qeyd etdi. Özbəkistan dövlətinin Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirildiyini, Daşkənddəki Dövlət Pedaqoji Universitetinə şairin adının verilməsi, sözügedən Universitetin qarşısında Nizaminin büstünün qoyulması və şairin yaradıcılığının araşdırılmasına dair elmi işlərin həyata keçirilməsini yüksək qiymətləndirib.

Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabın Nizami Gəncəvinin 875 illik yubileyi ərəfəsində şairin yaradıcılığına bir töhvə olduğunu və Özbək oxucuları tərəfindən maraqla qarşılanacağına inandığını qeyd edib. O, Camal Kamalın tərcüməsinin bir kitab kimi yüksək qiymətləndirdiyini, bu əsərin bir kitab abidəsi olduğunu söyləyib.

Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Nizami Gəncəvi barəsində fikirlərindən stat gətirərək qeyd edib ki, "Nizami elə böyük bir şəxsiyyət, elə böyük dahidir ki, onun doğum gününü on ildən, beş ildən bir deyil, hər il qeyd etmək zəruridir."

Daha sonra əsərin tərcüməçisi Özbəkistanın xalq şairi Camal Kamal çıxış edib. Azərbaycana böyük sevgisinin olduğunu qeyd edən şair Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə yaxından dostluq etdiyini və ölkəmizə səfərini, azərbaycanlı dostları ilə görüşlərini gözəl xatirələrlə andığını vurğulayıb.

Camal Kamal Azərbaycan ədəbiyyatını Şərqin ən zəngin, ən möhtəşəm ədəbiyyatı adlandırdı. Məhz dünya ədəbiyyatının nümayəndələri həmişə Nizamidən, Füzulidən və b. simalardan ilham aldıqlarını öz çıxışında qeyd etdi. O, Nizami Gəncəvinin əsərlərindən bir sıra şeirlər də söyləyib.

Ona bu arzusunu gerçəkləşdirməkdə, Nizaminin əsərlərinin çapında göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Təqdimat mərasimində digər çıxış edən filologiya elmləri doktorları Erqaş Oçilov, Gülbahar Aşurova, tərcüman-alim Usman Kuçkar Özbək-Azərbaycan ədəbi əlaqələri, qədim və müasir dövrlər, Sovet və müstəqillik dövründə Azərbaycan və Özbək ədəbiyyatına nəzər salıblar. Özbəkistanda Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə olan marağı heç bir ölkə ilə müqayisə etməyin qeyri-mümkün olduğunu qeyd ediblər. Onlar Nizami Gəncəvinin "Maxzan ul-asror" adlı kitabının Özbəkistan kitabxanalarına, ali məktəblərinə, tədris müəssisələrinə hədiyyə olunmasını yüksək qiymətləndirib.

Qeyd edək ki, Nizami Gəncəvinin bütün əsərlərinin - "Xəmsə"sinin özbək dilinə tərcüməsinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə xalq şairi Camal Kamal arasında 2015-ci ilin dekabrında razılıq əldə edilmiş və razılığa görə 2018-ci ilə qədər bu işlər tamamlanmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə