Özbəkistanda "Arşın mal alan" operattası nümayiş etdirilib FOTOLAR
Özbəkistanın və Orta Asiyanın ən böyük kitab satışı və informasiya Mərkəzi olan "Kitab aləmi" Cəmiyyətində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operattası nümayiş etdirilib. SİA-nın məlumatına görə, operatta Özbəkteatr yaradıcı Mərkəzi və Daşkənddəki "Diydor rejissorluq və aktyorluq fəaliyyəti teatr studiyası" tərəfindən səhnələşdirilib.
Tədbirə Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təşkilati dəstək göstərib.
Tədbirin açılışında çıxış edən "Kitab aləmi" kitab satışı və informasiya Mərkəzinin direktoru Şuxratcon Axundcanov Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edib, məhz bu səbəbdən həyata keçirdikləri layihəyə ilk dəfə olaraq Azərbaycan əsəri ilə başladıqlarını qeyd edib. O, tədbirdə Özbək dilində səhnəyə qoyulan "Arşın mal alan" operattasından müxtəlif səhnələrin nümayiş olunacağını bildirdi və gələcəkdə də Azərbaycan və Özbək mədəniyyətinin təbliğinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələr həyata keçirəcəklərini söyləyib.
Daha sonra gənc və istedadlı sənətçilərin iştirakı ilə "Arşın mal alan" operattasından müxtəlif səhnələr nümayiş etdirilib.
Operattada duet və mahnılar, xor nömrələri ifa olunub, Əskərin və Gülçöhrənin ariyaları, "Gülçöhrə və Asya", "Soltan bəy", "Əskər və Süleyman" duetləri ifa olunubdur. Bir çox çıxışlar tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, "Arşın mal alan" tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər paytaxt Daşkənddəki Opera Teatrında və Mukimi adına Dövlət Musiqili Dram Teatrında bir neçə dəfə tamaşaya qoyulub.
Azərbaycanın "Arşın mal alan" filmi Özbəkistan Dövlət Televiziyası tərəfindən Özbək dilinə dubliyaj olunaraq televiziya kanallarında tez-tez nümayiş olunur.
Tədbirdən sonra Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistanın "Kitab aləmi" Cəmiyyətin direktoru Şuxratcon Axundcanov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında birgə əməkdaşlığa dair Memorandumun imzalanması, tədbirlərin keçirilməsi, hər iki ölkənin nəşriyyatları, kitab satışı mərkəzləri arasında əlaqələrin yaradılması, "Kitab aləmi" Mərkəzində Azərbaycanlı müəlliflərin kitablarının təqdimatının, onlarla görüşlərin və imza günlərinin keçirilməsi razılaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB