M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, xalq artisti, professor Oqtay Rəcəbovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb.
Bildirilib ki, O.Rəcəbov Azərbaycan musiqi mədəniyyətində yorulmaz fəaliyyəti ilə hər zaman rəğbət qazanıb. Sənətkarın Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olduğunu deyən F.Əlizadə onun yaradıcılığında bir-birindən gözəl, yaddaqalan musiqilərin yer aldığını qeyd edib.
O.Rəcəbovun bəstələri ölkəmizin görkəmli sənətkarlarının ifasında populyarlaşaraq hər zaman dinləyicilərin zövqünü oxşayıb. Onun müxtəlif mövzularda qələmə aldığı 400-dən çox əsər Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə mühüm rol oynayıb. O.Rəcəbov bir bəstəkar kimi yaradıcılığa başladığı ilk vaxtlardan irihəcmli vokal və instrumental əsərləri qələmə almağa da xüsusi diqqət yetirib. O, 3 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın, müxtəlif janrlı vokal-instrumental əsərlərin, 17 filmin musiqi müəllifidir.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov bəstəkarın çoxşaxəli yaradıcılığı ilə yanaşı, onun yaradıcılığının mühüm istiqamətlərindən sayılan pedaqoji fəaliyyətindən söz açıb.
Qeyd olunub ki, O.Rəcəbov hələ gənclik illərindən elmlə bərabər musiqi ilə də məşğul olub. İxtisasca fizik olmağına baxmayaraq sənətkarın parlaq zəkası, bu sahəyə olan sevgisi onu bütövlükdə musiqiyə bağlayıb.
Diqqətə çatdırılıb ki, eksperimental musiqi proqramları müəllifi kimi tanınan bəstəkar-pedaqoq bu istiqamətdə işlərini bu gün də uğurla davam etdirir. Onun bilavasitə rəhbərliyi və müəllifliyi ilə 1996-2010-cu illərdə ümumtəhsil və musiqi məktəbləri üçün nəşr olunan 16 adda "Musiqi", "Musiqi ədəbiyyatı" dərsliyi, "Fortepianoda çalmaq üçün müntəxəbat" və "Elementar musiqi nəzəriyyəsi" tədris vəsaitləri çox sayda tirajlanıb və bu gün də onlardan istifadə olunur.
Daha sonra tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə bəstəkarın əsərlərindən ibarət musiqi kompozisiyalarının səsləndirilməsi ilə davam edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB