İSESKO-nun Baş direktoru Azərbaycan nümayəndəsini qəbul edib FOTO

İSESKO-nun Baş direktoru Azərbaycan nümayəndəsini qəbul edib FOTO

Məlum olduğu kimi, 2016-cı ilin 4-5 oktyabr tarixində Mərakeş Krallığının Rabat şəhərində İSESKO-nun İcraiyyə Şurasının sessiyası keçirilib. SİA-nın məlumatına görə, sessiya çərçivəsində ISESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və Baş direktor müavini Amina Əl Həcri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadəni qəbul ediblər. Təşkilatın Baş direktoru ötən həftə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə keçirilmiş görüşdə müzakirə edilən məsələləri xatırladaraq Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib.

V.Eyvazzadə İSESKO ilə bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün ölkə başçısı tərəfindən Milli Komissiyanın təsis edilməsi və Naxçıvan 2018 İslam Mədəniyyəti Paytaxtı ilə bağlı Təşkilat Komitəsinin yaradılmasının təşkilatla əməkdaşlığa verilən yüksək əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.

Görüşdə, həmçinin 2017-ci ildə "Bakı Prosesi" çərçivəsində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Yekunda V.Eyvazzadə qəbula və İcraiyyə Şurasının sessiyasının yüksək səviyyədə təşkil edilməsinə görə təşkilatın Baş direktoruna təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə