Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirilib FOTOLAR

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda görkəmli kimyaçı alim Yusuf Məmmədəliyevin Memorial Muzeyinin nəzdində yeni yaradılmış Gənc Alimlər Klubunun açılış mərasimi təşkil olunub və alimə həsr olunmuş veb saytın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbir IX Beynəlxalq Məmmədəliyev konfransı çərçivəsində təşkil olunub.

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademik Yusuf Məmmədəliyevin qızı, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ombudsman Elmira Süleymanova və Türkiyə, Rusiya, Gürcüstandan konfransa dəvət olunmuş alimlər və digər qonaqlar iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə institutda akademik Yusuf Məmmədəliyevin memorial muzeyi ilə tanış olublar.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış və YUNESKO-nun Baş qərargahında təqdim olunmuş akademikin həyat və fəaliyyətindən bəhs edən "Zamanın zirvəsi" adlı sənədli film nümayiş olunub.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünyada tanınmış və Azərbaycanın bir çox mədəniyyət müəssisələrində bədii tərtibatla bağlı uğurlu layihələri olan Latviyanın Digital Dizayn Studio şirkəti tərəfindən hazırlanmış, dünya şöhrətli kimyaçı alim Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı olub. Saytda alimin həyatını, elmi fəaliyyətini geniş şəkildə əks etdirən müfəssəl məlumatlar yer alıb. Saytın təqdimatını Digital Dizayn Studio şirkətinin direktoru Yanis Mitreviç keçirib.

AMEA-nın prezidenti Akif Əlizadə Yusuf Məmmədəliyevin Azərbaycan və dünya elminə töhfələrindən danışıb. Qeyd edib ki, akademik Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə