“Nəsillər üçün qoruyaq” adlı təlim-seminar keçirilib FOTOLAR

“Nəsillər üçün qoruyaq” adlı təlim-seminar keçirilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən "muzey əşyalarının saxlanılması və onların dağılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə həsr olunmuş regional sərgi-seminar"ın keçirilməsi haqqında Əmrinə əsasən, Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Qubadlı, Zəngilan, Şuşa və Abşeron rayonlarında çalışan muzey əməkdaşları üçün Mərkəz tərəfindən "Nəsillər üçün qoruyaq" adlı təlim-seminar keçirilib. SİA-nın məlumatına görə, təlim-seminar mərkəzin direktoru Zərifə Məlikovanın təqdimatı ilə başlayıb. Z. Məlikova öncə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi və oranın tədbirdə iştirak edən əməkdaşlarını təqdim etdikdən sonra, bərpaçılığın vacib peşələrdən biri olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, xarici ölkələrdən təlim keçmək üçün mərkəzə gələn bərpa üzrə mütəxəssislərin özləri belə bərpaçılardan yeni üsullar öyrənərək geri qayıdıblar.

Məlikova açılış çıxışını bitirdikdən sonra, tədbir iştirakçıları özlərini təqdim ediblər. Belə ki, Zəngilan, Xırdalan, Abşeron, Qubadlı Tarix Diyarşünaslıq muzeylərinin direktorları, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru, MSXƏEBM-nin elmi işlər üzrə direktor müavini, Şuşa Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktoru, Sumqayıt şəhər Tarix muzeyinin baş mühafizi, MSXƏEBM-nin baş mühafizi çıxışlarında öz təcrübələrini bölüşüb, təkliflərini irəli sürüblər. Eksponatların bərpa prosesləri haqqında suallar cavablandırılıb.

Bərpa olunmuş eksponatlardan nümunələr slayd-şou vasitəsi ilə təqdim olunub. MSXƏEBM haqqında hazırlanmış film izlənilib və Mərkəzin "Nəsillər üçün qoruyaq" adlı sərgisinə tamaşa edilib. Sonda iştirakçılar tariximizin izini yenidən "yazan" bərpaçılıq haqqında belə tədbirlərin daha çox keçirilməsini arzuladıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə