“İşığa gedən yol” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR - SƏS TV

“İşığa gedən yol” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR - SƏS TV

Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada "Kaspi" qəzetinin təsisçici, yazıçı-publisist Sona Vəliyevanın milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə həsr etdiyi "İşığa gedən yol" romanının imza günü və təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimindən öncə S.Vəliyeva kitabını Açıq Kitabxanada öz imzası ilə oxucularına təqdim edib.

Daha sonra kitabxananın konfrans zalında davam edən tədbirdə ədəbiyyat, mədəniyyət, media nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.

Təqdimat mərasimində ilk çıxış edən Kitabxananın direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarına əsər haqqında məlumat verib. O bildirib ki, Həsən bəy Zərdabi haqqında bir çox kitablar yazılsa da onun ömür yolunu zərgər dəqiqliyi ilə araşdıran olmayıb: "Zərdabi kimi şəxsiyyətlər haqqında nə qədər belə kitablar yazılsa, bir o qədər həmin şəxsiyyətlər unudulmazlar. Müəllif iri həcmli romanla Həsən bəy Zərdabiyə heykəl qoyub".

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev tarixi şəxsiyyətlər haqqında əsər yazmağın vacibliyinə toxunub: "Hər kəs bu kitabı gözləyirdi. Sona Vəliyevanın milli mətbuatımızın banisinin ömür yolunu bu cür geniş şəkildə təsvir etməsi son illərin hadisəsi və uğurudur. Kitab həm geniş oxucular üçün nəzərdə tutulub, həm də Zərdabişünaslar, mütəxəssislər üçün dəyərli nəşrdir. Kitabın dili rəvandır, oxunaqlıdır, oxucular hadisələri çox rahatlıqla başa düşür. Hesab edirəm ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir. Bu kitabı oxuyanlar həm də ö dövrün tarixini öyrənmiş olur".

Çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli bildirib ki, kitab o qədər bədii yazılıb ki, bunu yalnız şair ruhlu biri yaza bilərdi: "Müəllif əsərə sevgi ilə yanaşıb. Mən bu kitabin nəşrini böyük hadisə adlandırıram. Hadisəniz mübarək".

Təqdimatın davamında söz alan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, sözügedən kitab Mətbuat Şurasının I dərəcəli "Ali Media" mükafatına layiq görülüb. Hər biir xalqın tarixində ayrı-ayrı şəxsiyyətlər böyük rol oynayır. Həsən bəy Zərdabi həmin şəxsiyyətlərdəndir. Xalqımız onlar haqqında geniş məlumata malik olmalıdırlar. Bu kitab Azərbaycan ədəbiyyatı üçün bir töhfədir. Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb. Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Roman nəinki jurnalistlərin, hər kəsin stolüstü kitabına çevrilməlidir".

Milli Məclisin deputatı Nizami Cəfərov kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında yeni əsərin yaradılması sevindirici haldır.

Milli Məclisin deputatı Elmira Axundova söyləyib ki, hazırda kitab müstəqil həyatını yaşayır: "Artıq kitabla bağlı bir çox yazılar yazılıb, rəylər söylənilib. Burada təkcə Zərdabi deyil, onlarla tarixi insan canlanıb, Azərbaycanın tarixi yer alıb. Bu kitab bir ensiklopediyadır. Burada qəhrəmanın obrazı ilə müəllifin obrazı üst-üstə düşür. Kitabın rus və ingilis dillərinə tərcümə edilməsini təklif edirəm.Həttab kitabın əsasında film də çəkilə bilər".

Daha sonra "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, tarixi pomanlar müəllifi, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və başqaları "İşığa gedən yol" kitabının tarixi və bədii əhəmiyyətindən danışıb, əsərin Azərbaycanın böyük şəxsiyyətlərinin və tarixinin öyrənilməsində dəyərli mənbə olduğunu diqqətə çatdırıblar. Çıxışçılar kitab əsasında bədii filmin çəkilməsi təklifini də səsləndiriblər.

Təqdimat mərasiminin sonunda çıxış edən S.Vəlieva bildirib ki, kitabın məhz Milli Kitabxanada təqdimatının onun üçün böyük dəyəri var: "Çünki, bu kitabxana mənim həyatımda çox böyük rola malikdir. Mənim universitet illərimin hər günü bu kitabxanada keçib. Tarix sübut edir ki, biz təkcə təhsil aldığımız fənləri öyrənməməliyik, daim araşdırmalı və məlumatlı olmalıyıq. Mənim Həsən bəy Zərdabiyə müraciət etməyimin səbəbləri var. Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi borcumuz, övladlıq borcumuz, azad yaşamağımızda vətəndaş, soydaş borcumuz var. Biz bu gün azad yaşamağımıza görə, belə şəxsiyyətlərə borcluyuq. Yeri gəldikdə bu borcu yerinə yetirmək iqtidarında olmalıyıq. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki ürəyimdə ona qarşı böyük sevgi vardı".

Bütün xəbərlər Facebook səhifəmizdə