"Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı FOTOLAR

"Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı FOTOLAR

"Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb. SİA-nın məlumatına görə, sentyabrın 15-dən davam edən teatr bayramının sonuncu günü səhnə festivalın ev sahiblərinin ixtiyarında idi.

S.Rəhman adına Şəki Dövlət Dram Teatrı Səməd Vurğunun "Vaqif" pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. Tamaşaya yaradıcı fəaliyyətini Moskvada davam etdirən əməkdar artisti Mərdan Feyzullayev quruluş verib. Məşhur dram əsərinin mətninə əsl gerçək tarixi faktların əlavə olunduğu mənzum mətnin müəllifi Vaqif Aslan və Mərdan Feyzullayevdir.

Tamaşada iki böyük qonşu dövlət arasında çırpınan Azərbaycan xanlıqlarının müstəqil dövlətçilik istəyi ön plana çəkilib. Pyesdə bu xəttin inkişafına xidmət etməyən yanaşı xətlər və personajlar - o cümlədən bütün qadın obrazları ixtisara salınıb. Əsas rollarda əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə və İqrar Salamov, aktyorlar İlyas Əsədov, Akif Yusifov, Aydın Əlibabayev və Rəhim Qocayev çıxış edirlər.

Çox diqqətli və həssas, o cümlədən hər hansı teatr yeniliklərinə açıq olan Şəki tamaşaçıları doğma kollektivin səhnə əsərini də alqışlarla qarşılayıblar.

Tamaşadan sonra festivalın bağlanış mərasimi olub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalın təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Şəki teatrının kollektivinə şəhər İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Nazirliyinin xatirə hədiyyəsi və diplomu təqdim olunub. Həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin Mədəniyyət və Turizm Nazirliyinə xatirə hədiyyəsi nazirliyin İncəsənət şöbəsinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzovaya təqdim edilib.

Bununla da "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı yekunlaşıb.

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən festivalın proqramına yeddi ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirlikləri) 12 teatrın tamaşaları daxil idi. Təşkilatçılardan asılı olmayan bir sıra səbəblər üzündən İstanbul Bələdiyyə Teatrının Bakıda oynayacağı tamaşa təxirə salınıb. Festival günlərində Şəki şəhərində 9, Mingəçevirdə 3 tamaşa göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə