“Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalının iştirakçıları ilə görüş olub
Milli Məclisdə əlilliyi olan gənclərin "Şərq nağılı" beynəlxalq yaradıcılıq festivalının iştirakçıları ilə görüş keçirilib. SİA-nın məlumatına görə, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sədrliyi ilə keçən görüşdə deputatla yanaşı, universitet rektorları və xarici qonaqlar iştirak ediblər.
H.Rəcəbli ölkəmizdə sağlamlıq imkanları məhdud insanlarla bağlı son illərdə görülən işlər barədə məlumat verib. Bildirib ki, dövlətin bu insanlara diqqət və qayğısı sayəsində onların yaşayış şəraiti yaxşılaşdırılıb və bu istiqamətdə görülən işlər hazırda da davam etdirilir. O, həmçinin Azərbaycanda sağlamlıq imkanları məhdud insanlarla bağlı qanunvericilik bazasının formalaşdırılması və yenilənməsi üçün müxtəlif ölkələrin təcrübələrinin öyrənildiyini deyib.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda son illər ərzində inklüziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir. Bu gün Azərbaycanda sağlamlıq imkanları məhdud insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hesab etmirlər. Onlarla bağlı qanunvericiliyə xeyli əlavə və dəyişikliklər edilib.
Parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, qeyd edilən məsələ ilə bağlı əsas iş qanunvericilik bazasının bütün təbəqələr üçün əlçatanlığının təmin edilməsidir. Azərbaycanın sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını nəzərdə tutan qanunvericilik bazası Avropa standartlarına cavab verir. O, həmçinin sağlamlıq imkanları məhdud insanların aktiv həyata cəlb edilməsinin çox vacib məsələ olduğunu söyləyib. Qeyd edib ki, belə insanların mobilliyi artdıqca onların problemlərini bir o qədər dərindən öyrənmək mümkün olur.
Azərbaycanın Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda Əlilliyi olan gənclərin "Şərq nağılı" beynəlxalq yaradıcılıq festivalında ölkəmizlə yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB