Ağdaşda da Üzeyir Hacıbəyli yad olundu FOTOLAR

Ağdaşda da Üzeyir Hacıbəyli yad olundu FOTOLAR

Habil Əliyev adına Ağdaş şəhər Uşaq Musiqi Məktəbində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Tahir Əliyev Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açmış, bəstəkarın ad günü münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini vurğulayıb.

Məktəbin direktoru Rafiq İsgəndərov çıxış edərək Ü.Hacıbəyli irsinin təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirib, dahi bəstəkarın yaradıcılığını Azərbaycan xalqının milli mənəvi sərvəti adlandırıb.

Rayon icra hakimiyyəti aparatının məsul işçisi Möhlüd Hacıxanov, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov öz çıxışlarında konsertdən mənəvi zövq aldıqlarını vurğulayıb və belə bir tədbiri hazırladıqları üçün məktəbin kollektivinə öz minnətdarlıqlarını bildiriblər.

Məktəbin konsert zalında təşkil olunmuş tədbirdə müəllim və şagirdlərinin, eləcə də Xor kollektivinin ifasında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlər səsləndirilib, məşhur "O olmasın bu olsun" əsərindən səhnəcik nümayiş etdirilib.

Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və rayon məktəbliləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə