“MEMM Kuboku”nun qalibi bəlli oldu FOTOLAR

“MEMM Kuboku”nun qalibi bəlli oldu FOTOLAR

Şamaxı şəhərinin Olimpiya Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən regional mədəniyyət və turizm müəssisələrində çalışan 35 yaşa qədər olan gənc mədəniyyət işçiləri arasında mini futbol yarışı keçirilib. SİA-nın məlumatına görə, respublikamızın 42-dən çox rayonunu təmsil edən gənc mədəniyyət işçiləri 8 regional komandalara bölünüb.

Yarışda Şamaxı rayon İcra başçısı Asif Ağayev, başçının 1-ci müavini Qasım Qasımov, başçı müavini Gülnisə Ələkbərova, Şamaxı rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Mədəniyyət və turizm idarəsinin rəisi Rafail Tağızadə, İncəsənət təhsili Mərkəzinin direktoru Namiq Rzazadə, MOK baş məsləhətçisi AİBA dərəcəli hakim Nazir Rəhimov, MOK aparıcı məsləhətçisi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor Asif Usubəliyev iştirak ediblər.

A.Usubəliyev qeyd edib ki, gənc mədəniyyət işçilərinin ilk kubokunun keçirilməsinin məqsədi mədəniyyət və idman sintezi çərçivəsində sağlam həyat tərzinin təbliği, müxtəlif rayonların mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, onlar arasında sıx yoldaşlıq əlaqələrinin yaradılmasıdır.

"MEMM Kuboku" uğrunda aşağıda qeyd olunan komandalar öz güclərini sınayıblar:

1. "Füzüli" (Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz)

2. "Müşfiq" (Sumqayıt şəhər və Xaçmaz regional Mədəniyyət və turizm idarəsi)

3. "Sabir" (Şəki şəhər və İsmayıllı regional Mədəniyyət və turizm idarəsi)

4. "Nizami" (Gəncə, Ağstafa və Şəmkir regional Mədəniyyət və turizm idarəsi)

5. "Bülbül" (Bərdə və Ağcabədi regional Mədəniyyət və turizm idarəsi)

6. "Zərdabi" (Kürdəmir və Ağdaş regional Mədəniyyət və turizm idarəsi)

7. "Niyazi" (Sabirabad və Biləsuvar regional Mədəniyyət və turizm idarəsi)

8. "Xətai" (Masallı və Lənkəran regional Mədəniyyət və turizm idarəsi)

Oyunlara AFFA üzvləri Ceyhun Hüseynov və Elçin Əsədov hakimlik ediblər. Yarışın ümumi gedişatına baş hakim Qurban Məmmədov nəzarət edib.

Püşkatma nəticəsində qarşılaşan komandalar aşağıdakı hesablarla oyunlarını bitiriblər: ¼ final – "Xətai"-"Bülbül" 3-2, "Niyazi"-"Zərdabi" 6-1, "Sabir"-"Müşfiq" 4-0, "Fizuli"-"Nizami" 1-3, ½ final – "Niyazi"-"Xətai" 1-3, "Füzuli"-"Sabir" 2-6. "Niyazi" və "Füzuli" arasındakı üçüncü yer uğrunda matç 4-1 "Niyazi" komandasının xeyrinə qurtarıb.

"Sabir" və "Xətai" komandaları arasında keçirilən final oyununda "Sabir" komandası 4-1 hesabla "MEMM Kubok"unun qalibi olub.

Təltifetmə mərasimində qaliblərə Kubok və medallarla yanaşı təşkilatçı tərəfindən qiymətli hədiyyələr verilib.

Beləliklə, "Əsas qalib gəlmək deyil, iştirak etməkdir" Pyer de Kubertenin sözlərinə və layiq olanın qalib gəlməsinə baxmayaraq, əsl qalibi dostluq oldu!

Bütün xəbərlər Facebook səhifəmizdə