Nazir müavini Sevda Məmmədəliyeva ilə Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramının koordinatorları Raqnar Siil, Simon Ellis, Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Elizabet Vayt, əməkdaşları Dilarə İbrahimova, Sevinc Ağazadə (proqramın yerli koordinatoru) və ekspert Cahangir Səlimxanov arasında Nazirlikdə görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı cari ilin 15 sentyabr tarixində "Mədəni İnkişafa dair Göstəricilər Toplusu" (Culture İndicators) layihəsi barəsində Azərbaycan Xalça Muzeyində keçirilmiş seminar müzakirə olunub. Qarşı tərəf bildirib ki, "Mədəni İnkişafa dair Göstəricilər Toplusu" layihəsi YUNESKO tərəfindən tərtib edilib və ölkədə mədəniyyət sahəsinin inkişafının ölçülməsi və planlaşdırılması üçün çox əlverişlidir.
Nazir müavini Sevda Məmmədəliyeva həm Avropa İttifaqı, həm də Britaniya Şurası ilə əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirib. Misal kimi o, Britaniya Şurasının təşkil etdiyi Uilyam Şekspirin 400 illiyinə həsr olunmuş tədbirlərin Bakıda çox maraqla qarşılandığını qeyd edib. Sevda Məmmədəliyeva eləcə də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən mədəniyyət sahəsinin idarəetməsi sisteminin inkişafına yönəlmiş Tvinninq layihəsini xüsusilə vurğulayıb.
Görüş zamanı Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan digər layihələr barədə müzakirə aparılıb.
Sonda Sevda Məmmədəliyeva öz növbəsində qeyd olunan sahələr üzrə əməkdaşlıq imkanının yaranmasından məmnunluq hissi keçirdiyini bildirib və proqrama dair əlaqələndirmənin aparılması üçün müvafiq ideyalar irəli sürərək təkliflər verib.
Qeyd edək ki, Britaniya Şurası 2015-ci ilin aprel ayından etibarən Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramını idarə edir. Proqram Avropa Birliyi tərəfindən Azərbaycan və Şərq Tərəfdaşlığına daxil digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB