Bakı Xoreoqrafiya Akademiyasında tədbir olub FOTOLAR

Bakı Xoreoqrafiya Akademiyasında tədbir olub FOTOLAR

Bakı Xoreoqrafiya Akademiyasında Bilik günü ilə bağlı mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev təhsil ocağının fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Bildirib ki, Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir: "Bu tədris ili də bizim üçün çox əlamətdardır. Bu il akademiyamızda yeni ixtisaslar açıldı, xoreoqrafiya sənətinin inkişafı üçün çoxpilləli təhsilin səmərə verməsinə xidmət edəcək struktur islahatlar aparıldı, magisturatura pilləsi fəaliyyətə başladı. Xoreoqrafiya təhsilində innovasiyaların tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də akademiyanın maddi-texniki bazasının gücləndirilməsi yolunda görüləcək işlər bundan sonra da davam etdiriləcək".

Akademiyada həyata keçirilən işlərdən danışan Timuçin Əfəndiyev tədris planlarının hazırlanmasında qabaqcıl dünya ölkələrinin təcrübəsindən yararlandıqlarını vurğulayıb. Rektor qeyd edib ki, bu il akademiyanın bakalavr səviyyəsinə 53, magistr pilləsinə isə 12 nəfər qəbul olunub.

Timuçin Əfəndiyev yeni dərs ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dövlət başçısının 2014-cü il 30 aprel tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının yaradıldığını bildirib. Akademiyanın fəaliyyətə başlamasının Azərbaycan mədəniyyətinin inkişafında və ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım olduğunu vurğulayıb: "Azərbaycanda ilk olaraq məhz Bakı Xoreoqrafiya Akademiyasında davamlı təhsilin yaradılmasının əsası qoyuldu. Bu təhsil ocağında beynəlxalq təcrübələrin mənimsənilməsi və xoreoqrafiya sənətinin daha da inkişafı üçün atılan zəruri addımlar davam etdiriləcək".

Nazir qeyd edib ki, Azərbaycanda rəqs sənəti həmişə böyük ənənələrə malik olub. Bu gün Azərbaycan mədəniyyəti dünya arenasında layiqincə təbliğ olunur. Rəqs kollektivlərimiz də müxtəlif ölkələrdə uğurla çıxış edir və milli rəqslərimiz tanıdılır.

Əbülfəs Qarayev mədəniyyət və turizmin qarşılıqlı inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, mədəniyyət sahəsində fəaliyyət göstərən bütün müəssisələr, eyni zamanda təhsil ocaqları da xarici turistlərə Azərbaycan mədəniyyətini, milli rəqslərini müasir tələblər səviyyəsində tanıtmaq və təbliğ etmək işində yaxından iştirak etməlidir.

Sonra tələbə adını qazanan gənclərə tələbə bileti və müvəffəqiyyət kitabçaları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə