Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında araşdırılması və təbliği istiqamətində son vaxtlar olduqca önəmli addımlar atılmaqdadır. SİA-nın məlumatına görə, bəşəriyyətin yetirdiyi ən nəhəng və parlaq dühalardan biri kimi qəbul edilən Nizaminin layiqli səviyyədə, yeni dövrün tələblərinə uyğun tədqiqi və tanıdılmasına yönələn bütün addımlar, Nizaminin adıyla yanaşı, ümumən Azərbaycana aid aktual məsələləri gündəmə gətirir.
Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda da böyük maraq vardır və dahi şair xalq arasında çox sevilir. Daşkənddə dahi şairin büstü və onun adına Daşkənd Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərir. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd Dövlət Pedaqoji Universitetində Nizami Gəncəvi adına Azərbaycan Mərkəzi yaradılmış və Mərkəz Nizami irsini, yaradıcılığını, iki ölkə arasında dostluq əlaqələrini geniş təbliğ edir.
Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi bu il Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirir. Sözügedən tədbirlər çərçivəsində şairin bütöv əsərlərinin "Xəmsə"sinin ilk dəfə olaraq Özbək dilinə tərcüməsinin həyata keçirilməsi, Nizami yaradıcılığının qardaş ölkədə təbliği, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsi və Nizami irsinin təbliği Mərkəzinin fəaliyyətinin genişləndirilməsi əsas məsələlərdəndir.
Özbəkistanda Nizami Gəncəvi əsərlərinin tərcüməçisi kimi tanınan şair Olimcan Buriyev dahi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş əsəri tərcüməsini həyata keçirib. O, uzun müddət apardığı gərgin iş nəticəsində orjinaldan özbək dilinə Nizami Gəncəvinin beş əsərini - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" əsərlərini daxil edərək tərcümə edib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Nizami Gəncəvi: Xəmsə" adlı kitab özbək dilində Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında çap edilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur. Ön sözdə qeyd edilir ki, Azərbaycanın qədim Gəncə şəhərində anadan olan dahi şair Nizami Gəncəvi öz qüdrəti ilə nəinki Azərbaycanda, Şərqdə və Qərbdə nəhəng söz ustadına çevrilmiş və onun yaratdığı beş əsər dünya ədəbiyyatının inciləri sırasına daxil olub.
O.Buriyev kitaba yazdığı "Epiloq"da vurğulayır ki, söz, sənət beşiyi olan qədim Arran eli - Azərbaycan nəhəng ustadlar yetişdirib. Onlardan öz yaradıcılığı ilə ən parlaq və təkrarsız incilər yaradan dahi Nizamidir. O, Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcüməsi onun illərlə arzuladığı iş olduğunu yazır. Bunun üçün tərcüman çox təşkilatlara və fondlara müraciət etdiyini və onun müraciətinə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi müsbət yanaşıb.
Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət etdikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi layihəyə dəstək göstərməyə razılıq vermiş və göstərilən dəstək üçün o, Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Tərcüməçi "epiloq" da qeyd edir ki, kitabı qardaş Azərbaycanın və vətəni olan Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edir.
Kitabın sonunda üz qabığında Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsinin fotoşəkili öz əksini tapıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, hazırda Nizami Gəncəvinin bütün əsərlərinin ayrılıqda özbək dilinə tərcüməsini Özbəkistanın xalq şairi Camal Kamal da həyata keçirir və bu tərcümələr hazır olduqca nəşr olunacaq.
Mərkəzdən bildiriblər ki, O.Buriyevin "Nizami Gəncəvi: Xəmsə" adlı özbək dilində kitabı Özbəkistanın elmi və tədris müəssisələrinə, habelə Özbəkistan kitabxanalarına paylanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB