Anna Batkulaşvili növbəti yeniliyə imza atdı

Anna Batkulaşvili növbəti yeniliyə imza atdı

Bu gün araşdırmaçı, tərcüməçi, şairə Anna Batkulaşvilinin Azərbaycan ədəbiyyatını gürcü dilinə tərcümə etdiyi kitabların təqdimatı keçirilib. SİA-nın məlumatına görə, mərasimdə millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan millət vəkili Nizami Cəfərov Anna xanımın yaradıcılığından söz açıb: "Anna Batkulaşvili "Dirili Qurbani", Cəlil Məmmədquluzadənin "Ölülər" pyesini və bir çox Azərbaycan ədəbiyyatını gürcü dilinə tərcümələr edərək, kitablar ərsəyə gətirib. Anna xanım çox istedadlıdır. Onun hətta təklifi vardır ki, Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi Gürcüstan teatrlarının birində tamaşaya qoyulsun. Ümid edək ki, onun bu istəyi nəzərə alınar. Anna Batkulaşviliyə uğurlar arzu edirəm".

Daha sonra mərasimdə söz alan millət vəkili Qənirə Paşayeva səbəbkar haqqında fikirlərini bildirib: "Anna xanım Gürcüstanın və Azərbaycanın ziyalısıdır. Azərbaycan ədəbiyyatını gürcü dilinə, gürcü ədəbiyyatını Azərbaycan dilinə tərcümə etməyi hər kəs bacara bilməz. Bunu etmək üçün gərək xüsusi bacarığın olmalıdır. Həmin istedad da Anna Batkulaşvili də var. Anna xanıma dəstək olarıqsa, böyük işlər görə bilər. Təbii ki, A.Batkulaşviliyə maddi yardım edilməlidir. O, hazırda təqdim etdiyi kitabları böyük maliyyə çətinliyi ilə ərsəyə gətirib. Ümid edək ki, Anna xanıma dəstək olan qurumlar olacaq. Anna Batkulaşviliyə yaradıcılığında uğurlar arzu edirəm".

Qeyd edək ki, tədbir çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə