Kukla Teatrı yeni mövsümünə hazırlaşır FOTOLAR

Kukla Teatrı yeni mövsümünə hazırlaşır FOTOLAR

Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə başlayır. SİA-nın verdiyi xəbərə görə, teatrda keçirilən iclasda yeni mövsüm, hazırlanacaq tamaşalar, ümumilikdə nəzərdə tutulan yaradıcılıq planları müzakirə olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə yeni mövsüm münasibətilə kollektivi təbrik edib və yaradıcılıq uğurları arzulayıb. Bu mövsümün ümumilikdə milli teatrımız üçün məhsuldar və yaradıcılıq uğurları ilə zəngin keçməsini diləyib.

Ötən mövsümün uğurlu tamaşa və qastrol səfərləri, müxtəlif festivallardan mükafatlarla yadda qaldığını deyən teatr direktoru istirahət müddətində də bu fəaliyyətin davam etdiyini bildirib. Belə ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ölkə teatrları arasında bir ilkə daha imza ataraq teatrın "YouTube" səhifəsini internet istifadəçilərinin ixtiyarına verib.

Teatrın yeni mövsümə sentyabrın 9-da start verəcəyini deyən R. Əhmədzadə həmin gün iki tamaşanın nümayiş olunacağını bildirib. Belə ki, ilk olaraq Abdulla Şaiqin "Tıq-tıq xanım" pyesinin motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi "Tıq-tıq və Taq-taqın nağılı", daha sonra isə Rus xalq nağılı əsasında səhnələşdirilən "Qoğal" tamaşaları (rus dilində) nümayiş olunacaq.

Bundan başqa, teatr 15-24 sentyabr tarixlərində "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalında da təmsil olunacaq. Teatr burada son uğurlu səhnə nümunələrindən olan "Zəng" adlı mono tamaşa ilə iştirak edəcək.

Çıxışında ilin sonunadək daha iki yeni səhnə əsərinin nümayiş olunacağını da bildirib. Belə ki, teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda Ş. Perronun "Qırmızıpapaq" və rejissor Anar Məmmədovun quruluşunda S. Sveyqin "Yad qadının məktubu" əsəri əsasında "Unudulmuş kukla" adlı mono tamaşanın təqdim olunacağını söyləyib. O, artıq hər iki tamaşanın məşqlərinin getdiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə