Nazir İraqın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib FOTO

Nazir İraqın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İraq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveylini qəbul edib. SİA-nın verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətdə görülən işlərin ölkələrin dost münasibətlərinin daha da genişlənməsinə öz töhvəsini verəcəyi bildirilib.

Nazir Əbülfəs Qarayev Azərbaycan və İraq arasında mədəniyyət sahəsində imzalanmış Saziş haqqında məlumat verib və bu çərçivədə işlərin aparılmasının əhəmiyyətini qeyd edib. Həmçinin, İraqdan Azərbaycana gələn turistlərin sayında baş verən əsaslı artımdan söhbət açan nazir, bu sahənin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayaraq iki ölkə arasında turizm mübadiləsi haqqında da sazişin imzalanmasını təklif edib.

İraqın müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli qəbula görə Nazirə təşəkkürünü bildirib və təklif olunan məsələlərin həllində İraq tərəfinin maraqlı olduğunu bildirib.

Sonda görüşün nəticələrinin iki dövlət arasında hər iki sahədə uğurlu olacağına inam ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə