Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 89-cu teatr mövsümünü açıq elan edir. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabr ayının 1-də növbəti məzuniyyəti başa vurub yeni - 89-cu teatr mövsümünün açılışına start verib. Kollektivi qəbul edən teatrın direktoru Respublikanın Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov geniş kollektiv toplantısında teatr əməkdaşlarını salamlayıb, yeni mövsümə başlanılması münasibətilə onları təbrik edib, ilin sonunadək görüləcək işlər barədə ətraflı məlumat verib. Teatrın rəhbəri qeyd edib ki, sentyabr ayının 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz qapılarını sevimli tamaşaçılarına açacaq. Həmin gün saat 12.00-da S.Şeydanın "Tülkü tülkü tünbəki" (premyera), saat 19.00-da İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşaları göstəriləcək.
İki teatrın aktyorlarının ifasında "Qohumlar"
Oktyabr ayının 12-dən – 15-dək Kalmık Milli Dram Teatrının kollektivi teatrımızın qonağı olacaq. Kalmık Respublikasının Mədəniyyət və Turizm Naziri Xonqor Elbikovun da iştirak edəcəyi qastrol səfərində bir neçə istedadlı kalmık rəssamının əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək. Bu qastrol səfərində teatr maraqlı eksperiment aparacaq. Belə ki, ötən 88-ci mövsümdə teatrda kalmık rejissoru Boris Manciyevin hazırladığı "Qohumlar" tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək. Qastrol səfərinin təntənəli bağlanış mərasimi oktyabr ayının 15-də baş tutacaq.
Yeni mövsümə yeni tamaşalarla
Yeni mövsümdə məşqlərinə hələ ötən mövsümdə start verilmiş iki tamaşa təqdim olunacaq. Bunlardan biri orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşa, digəri isə Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və Azercell Telekom MMC-nin birgə təşkilatçılığı ilə hazırlanan Astrid Lindqrenin "Uzuncorab Peppi" əsəri əsasında hazırlanan tamaşadır. Mövsümün növbəti premyerası isə Xanımana Əlibəylinin "Aycan" əsəri əsasında hazırlanacaq eyniadlı səhnə əsəri olacaq.
Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB