Moldovanın Müstəqillik Günü qeyd olundu FOTOLAR

Moldovanın Müstəqillik Günü qeyd olundu FOTOLAR

Moldova Respublikasının müstəqillik əldə etməsinin 25-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leuka ölkəsinin müasir tarixi barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan və Moldova strateji tərəfdaşlardır, ölkələrimiz və xalqlarımız arasında uzunmüddətli dostluq və qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. İki ölkə arasında mədəni, siyasi, iqtisadi və enerji sahəsində də əlaqələr uğurla inkişaf edir.

Səfir qeyd edib ki, Moldova indiyədək müxtəlif problemlərlə qarşı-qarşıya qalıb: "Dnestryanı münaqişəsi hələ də həll olunmamış qalır. Moldova bu dondurulmuş münaqişənin fəsadlarından əziyyət çəkir. Bu ərazi mərkəzi hakimiyyətin nəzarətindən kənardadır. Moldova vətəndaşları münaqişənin həll olunacağına ümidlərini itirməyiblər. Sərhədlərinin pozulması ilə Azərbaycan da üzləşib. Moldova ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri daxil olmaqla beynəlxalq hüquq normaları əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasının tərəfdarıdır".

İki ölkənin əlaqələrinə toxunan səfir vurğulayıb ki, Moldova Azərbaycanı dost ölkə hesab edir. Beynəlxalq təşkilatlar səviyyəsində də münasibətlərin yüksək səviyyədə olduğunu deyən George Leuka Azərbaycanla Moldova arasında əməkdaşlığın gələcək inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz növbəsində Azərbaycan hökuməti adından Moldovanın Müstəqillik Günü münasibətilə təbriklərini və xoş arzularını çatdırıb. Ölkələr arasında möhkəm əlaqələrin qurulduğunu qeyd edən nazir bildirib ki, hər iki ölkə müstəqillik əldə etdikdən sonra müxtəlif sahələri əhatə edən 50-dən artıq rəsmi sənəd imzalanıb: "Moldova Azərbaycan ilə ortaq tarixi bölüşür. Bu il hər iki ölkənin müstəqillik əldə etməsinin 25 ili tamam olur. Bu dövr ərzində ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük addımlar atılıb. Azərbaycanda iki dəfə Moldovanın, Moldovada da Azərbaycanın iki dəfə mədəniyyət günləri keçirilib. Bu da bizim vətəndaşlarımız arasında mədəni münasibətlərin daha da inkişaf etməsinə müsbət təsirini göstərib".

Əbülfəs Qarayev iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə edərək, bir daha Moldova xalqına öz təbriklərini çatdırıb.

Daha sonra tədbirdə Moldovanın milli mətbəxi və milli musiqiləri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə