“Kitabxanaların ictimai həyatda rolu” FOTOLAR

“Kitabxanaların ictimai həyatda rolu” FOTOLAR

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada "Kitabxanaların ictimai həyatda rolu" adı altında oxucu konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə rayonun fəal gəncləri, ziyalılar, bu il respublikanın müxtəlif ali məktəblərinə daxil olmuş tələbə adını qazanan abituriyentləri və fəal oxucular iştirak ediblər.

Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova əvvəlcə tədbir iştirakçılarını salamlayıb və bu il ali məktəbə qəbul olan tələbələri təbrik edib və onlara yeni dərs ilində uğurlar arzulayıb. Sonra kitabxanaların ictimai həyatda rolundan danışaraq bildirib ki, kitabxanalardan istifadə hər cür ideoloji ehkamlardan azad olub yeniyetmələrin mütaliəsinə, xalqımızın müstəqilliyinin möhkəmlənməsinə, azərbaycançılıq ideologiyasının təbliğinə və demokratik dünyagörüşünün formalaşmasına istiqamət verir.

Yetişməkdə olan gənc nəsil üçün milli tərbiyənin vacibliyini Ümummilli Lider Heydər Əliyev də ziyalılarla görüşlərində dönə-dönə qeyd etmiş, strateji istiqamətini müəyyənləşdirib: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər".

Təqaüddə olan dil-ədəbiyyat müəllimi Rəşid Kazımov çıxış edərək bildirib ki, kitab mədəniyyətdir, kitab mənəvi sərvətdir, kitab inkişafdır, tərəqqidir, gərgin axtarışların, yuxusuz gecələrin, böyük zəhmətin məhsuludur, bəhrəsidir. Hər bir millət özünün mənəvi dünyasını kitab vasitəsilə yeni nəslə çatdırır.

Bərdə rayon Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı məktəbin dil-ədəbiyyat müəllimi Gülçöhrə Hüseynova təhsil alan hər bir yeniyetməyə milli tərbiyə qaydalarının aşılanmasında təhsil müəssisələri, tərbiyə ocaqları ilə bərabər respublika kitabxanalarının da yüksək rolu olduğunu qeyd edib.

Milli tərbiyənin əsas məqsədi mühitə və ehtiyaca uyğun olaraq gənc nəslin hansı keyfiyyətlərə yiyələnməsi problemini araşdırmaqdır. Kitabxanaların üzərinə düşən vəzifə onlardan daha böyük məsuliyyət tələb edir. Bu baxımdan mütaliə vasitəsilə öyrətmək, öyrətməklə tərbiyə etmək vəzifəsini üzərinə götürən kitabxanaların işi daha rəngarəng və çoxcəhətlidir.

Ağdam köçkün məktəbinin dil-ədəbiyyat müəlimi Tural Bəhrəmov gəncləri salamlayıb və onları təbrik edib. Qeyd edib ki, Azərbaycan Respublikası konstitusion əsaslar üzərində qurulmuş dünyəvi dövlətdir. Azərbaycanda tərbiyə prosesi dini dayaqlara söykənib, hüquqi-demokratik əsaslarla birləşərək mükəmməl bir sistem yaradıb. Milli istiqlaliyyətimizi əldə etdikdən sonra dinə, mənəviyyata, keçmişə qayıdış sahəsində bir sıra addımlar atılmaqdadır. Bu işə kömək məqsədilə kitabxanalarda milli-mənəvi və bəşəri dəyərlər əsasında yeniyetmələrin milli tərbiyəsini və bədii-estetik zövqünü formalaşdırmaq labüddür.

Kitabxananın fəal oxucusu Nəsibə Kərimova kitabların onun həyatındakı rolundan danışıb.

Sonda fəal oxucumuz Abbasov İbrahim iştirakçılar üçün gitara ilə mahnılar ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə