Sumqayıtlıların Beynəlxalq Dolma Festivalında uğurları FOTOLAR

Sumqayıtlıların Beynəlxalq Dolma Festivalında uğurları FOTOLAR

Heydər Əliyev Fondunun, Abşeron rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə 2016-ci ilin 01 iyul tarixlərində Azərbaycanda keçirilən I Beynəlxalq Dolma Festivalı bu gün də gündəmdədir. Həmvətənlərimiz tez-tez bu festival haqqında ürək dolusu danışırlar. Həm də onu vurğulayırlar ki, "bu festival çox gecikib. Gərək 1991-ci ildən müstəqillik qazandığımız vaxtdan keçiriləydi. Onda ermənilər bizim dolmaya sahib çıxa bilməzdilər". Gəlin onu da danmayaq ki, biz çox işlərdə gecikirik...

Xırdalan şəhərində reallaşan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət və Turizm nazirinin I müavini Vaqif Əliyev, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlər və onların ailə üzvləri, dövlət rəsmiləri, ictimai xadimlər və KİV nümayəndələri də iştirak edirdilər.

İyul ayının 1-də Xırdalan şəhərindəki "Neapol" restoranında festivalın açılışını bildirən rəmzi lent kəsilərək həm nümayiş etdirilən dolmalara baxış keçirildi və həm də müsabiqəyə start verildi.

Bədnam qonşularımız tərəfindən Azərbaycan mədəniyyəti daşıyıcılarına, o cümlədən xörəklərimizə qarşı təcavüzlərə cəhdlərin edilməsinə, bəzi yeməklərimizin onlara məxsus olması ilə bağlı iddialar irəlü sürməsinə hamımız təəssüflənirik, lakin bu vaxta qədər heç bir tutarlı addım atmamışdıq. İlk addımı da məhz ölkə başçımız İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında səsləndirdiyi fikirlərlə atdı. Mənə elə gəlir ki, onun bu fikirləri ermənilərə tutarlı cavabdır: "Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan, dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Necə ki, Qarabağ deyəndə, onlar üçün bu, sadəcə bir sözdür, onu anlamırlar. Çünki bu, erməni sözü deyildir. Ona görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli, mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır". Bəli. Bütün sahələrdə bizim təbliğatımız yüksək olmalıdır ki, hər yerdə düşmənlərimizə tutarlı cavablar verə bilək.

Həmin müsabiqəyə respublikanın 24 rayonundan (Abşeron, Zəngilan, Xızı, Xaçmaz, Xocəvənd, Qubadlı, Nizami, Qəbələ, Nərimanov,

Sumqayıt şəhəri, Binəqədi, Şuşa, Kəlbəcər, İsmayıllı, Qusar, Şirvan, Quba, Şamaxı, Xəzər, Salyan, Xətai, Masallı, Şabran, Laçın) 400-ə yaxın iştirakçı qatılmışdı. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən İndoneziya, Türkiyə və Ukrayna səfirliklərinin aşbazları tərəfindən hazırlanan dolma çeşidləri də münsiflər heyətinə təqdim olunmuşdu. Bununla yanaşı, 3 restoran ("Xanədan", "Sərin", "Buta Palace") aşbazları tərəfindən bişirilən dolmalar da festivala yeni rəng qatırdı. Bu festivalda münsiflər heyətinə 300 çeşiddə dolma təqdim olundu. Ən çox dolma çeşidinə görə də Azərbaycan Ginnesin Rekordlar kitabına düşdü.

Beləliklə, I Beynəlxalq Dolma Festivalında 6 nominasiya üzrə yarış keçirilirdi.

I Beynəlxalq Dolma festivalının qalibləri isə aşağıda adları yazılanlar oldular:

Ölkələr arasında:

I yer İndoneziya II yer Ukrayna

Azərbaycanın rayon və şəhərləri arasında:

I yer Abşeron

II yer Sumqayıt, Kəlbəcər, Şamaxı

III yer Quba, Xızı, Zəngilan, Xocavənd

Ən maraqlı tarixi qeyri-adi dolma: I yer Xanədan restoran (dolma-kabab) II yer Abşeron (zeytun dolması), Xaçmaz (lobya dolması) III yer Qəbələ (şingilim dolma), Şabran (yarma dolması), Bakının Nizami rayonu (turş kələm dolması), Masallı (balqabaq dolması)

Ən yaxşı dolmalar: I yer Şuşa (heyva dolması) II yer Binəqədi (tərs dolma), Salyan (boranı dolması) III yer İsmayıllı (gicitkən dolması), Nərimanov (quyruq dolması), Qubadlı (yarpaq dolması), Xətai (qoz dolması)

Restoranlar: 1.Buta Palace 2.Xanədan restoran

Ən çox dolma gətirən rayonlar: 1. Kəlbəcər 2. Sumqayıt

Festivalın sonunda qalib gələn komandalara diplom, medal və qiymətli hədiyyələr verildi. Bununla yanaşı, Abşeron rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosasiyasının kubokları da iştirakçılara təqdim edildi.

Beləliklə, Azərbaycanda ilk dəfə keçirilən Birinci Beynəlxalq Dolma Festivalı insanlar arasında böyük maraq yaratmaqla düşmənlərimizə də bir dərd oldu. Çünki onlar gözləmirdilər ki, azərbaycanlılar belə bir festival keçirməklə özlərinin milli yeməklərinə belə yüksək formada sahib çıxıb, dünya xalqlarına 300 dolma növü təqdim edəcəklər və elə bu sayla da Ginnesin rekordlar kitabına düşmək şansı qazanacaqlar. Yəqin bundan sonra daha ermənilər deməzlər ki, dolma məhz onlara məxsusdur...

Müsahibim Sumqayıtdakı "Turan" restoranının direktoru Hacı Mübariz Quliyevdir. Birinci Beynəlxalq Dolma Festivalında Sumqayıt şəhərini məhz onun rəhbərlik etdiyi "Turan" restoranı təmsil edib və festivalın ən yaxşı mükafatlarını qazanıb. Bu festival haqqında onun təəssüratlarını çoxminli oxucularımızla bölüşürük.

- Azərbaycanda ilk dəfə I Beynəlxalq Dolma Festivalının keçirilməsi doğrudan da böyük tarixi hadisə idi. Çox sevinirik ki, biz də həmin festivalın iştirakçısı olduq. Bu festivalda da Azərbaycanın ayrı-ayrı bolgələrindən çoxlu rayonlar və xarici ölkələr də iştirak edirdilər. Onlar da özlərinin istehsalı olan dolmalarını nümayiş etdirirdilər. Biz də bu işə çox məsuliyyətlə yanaşdıq və şəhərimizi təmsil etdik. Yəni başqalarından fərqli olaraq biz, başqa dolma növləri ilə yanaşı məhz Sumqayıtın özünə məxsus olan Sumqayıt dolmasi ilə festivaldakı yarışmada iştirak etdik. Bu festivala biz 69 növ dolma ilə getmişdik. Festivalda bizdən iki növ çox dolma ilə yalnız Kəlbəcər rayonu gəlmişdi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, işin təşkilinə görə biz, bu işi hamıdan yaxşı təşkil etmişdik. Bütün dolmaları da biz, ənənəmizə uyğun olaraq saxsı qablarda qablaşdırmışdıq və eyni zamanda onların hamısı eyni ölçüdə olsalar da, onun içində olan dolmaların əti, duzu, istiotu, hansı yarpaqdan olması və başqa ədvaları qıramına qədər ölçülmüşdü, təhlil olunmuşdu və həm də ressept 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində yazılmışdı. Münsiflər heyətinin üzvləri buna fəəccübləndilər və dedilər ki, bunu sizdən başqa heç kim etməyib. Və biz çalışmışdıq ki, bütün yeməli yarpaqları həmin festivalda əks etdirək.

- Sumqayıt dolması festivalda necə qarşılandı?

- Bu dolmanın müəllifi sumqayıtlı Hümbət Quliyevdir. Bu dolmanı da biz 2012-ci ildə "Turan" restoranında ictimaiyyətə təqdim etmişdik. Elə həmin vaxtdan da çox yaxşı qarşılanır. Bu haqda dəfələrlə mətbuatda çoxlu yazılar çap olunub. Sumqayıt dolmasının da həm tibbi və həm də fəlsəfi cəhətdən çox yaxşı bir tamı var. Eyni zamanda insan bu dolmanı ağzına qoyduğu zaman, elə bil ki, bütöv bir qazanı ağzına qoyur. Biz, yeməyi qazanda bişirib və oradan götürüb yeyirik. Amma bu dolmada elə bil bir kanteyner formasında üzüm yarpağının içində və onun da üzərinə kələm yarpağı bükülməsi böyük effekt yaradır. Biz bilirik ki, kələm yarpağı üzüm yarpağını yumşaldır və bir növ festal rolunu oynayır. Bəzi insanlarımız üzüm yarpağını yeyəndə mədələrini incidir. Və bu da həzmə gec gedir. Sumqayıt dolmasının başqa dolmalardan özünəməxsusluğu ondadır ki, onun şirəsi elə özünün içində qalır. Eləcə də biz bütün dolmalar üçün məxsusi buzlar hazırlayırıq və həmin buzlar da dolmaların içində olur. Elə bizim dolmaların özünəməxsusluğu və ləzzətli olması da bundadır. Biz, bu festivalda Sumqayıt dolmasının yayılmasına, təbliğinə bir qədər də təkan verdik. İnanırıq ki, bu dolma az bir zamanda təkcə Azərbaycanda yox, dünyada məşhurlaşacaq. Mən bir məsələni də vurğulamaq istəyirəm. Hansı xalq sübut eləsə ki, dolma ona məxsusdur, deməli, həmin xalq elit xalq hesab olunur. Əgər dolma sözü türkdilli xalqların sözüdürsə deməli, dolmanı da ilk icad eləyən türkdilli xalqlardır.

- Ermənilər bütün dünyana car çəkirlər ki, guya dolma dünya xalqları içərisində yalnız onlara məxsusdur. Yəni bu dolmanı guya onlar icad ediblər. Bu haqda sizin fikriniz necədir?

- Onlar bir şeyi başa düşmürlər ki, dolma elə adindan da göründüyü kimi türk sözüdür. Dolma da böyük dərin kökləri olan xalqlara məxsusdur. Axı bu söz erməni sözü olmadığına görə onların necə ola bilər? Hətta utanmadan dolmanı məhz ermənilərin yeməyi kimi Ginnesin rekordlar kitabına yazdırıblar və adını da dəyişərək, dalma qoyublar. Bu absurddur. Biz də Azərbaycanda I Beynəlxalq Dolma Festivalını keçirməklə onlara sübut elədik ki, baçqasının mətbəxinə məxsus olan yeməklərdən, musiqilərdən əl çəkin. Onsuz da gec-tez başqa millətlər başa düşəcək ki, bunlar sizin deyil və siz oğrusunuz.

Mən birada bir məsələni vurğulamaq istəyirəm və Azərbaycan Kulinariya Assosiasiyasının rəhbəri, bu festivalın təşkilatçılarından biri Tahir Əmiraslanova öz təşəkkürümü bildirirəm. Eləcə də bu festivalı təşkil edən Heydər Əliyev Fondunun, Abşeron rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Onlar bu festivalı çox gözəl təşkil etmişdilər.

-Festivalda Sumqayıt komandası hansı yerləri tutdu?

- Biz iki nominasiya üzrə ikinci yeri tutduq. Deməli, çəkdiyimiz zəhmət hədər getmədi. Ən əsası isə bu festival Azərbaycanın tarixinə düşməklə, insanlarımızda böyük maraq yaratdı. Eləcə də dünya xalqlarının bəzilərinin öz dolmalarını bu festivala gətirməsi bizim üçün də maraqlı idi. Məsələn, İndoneziyadan, Ukraynadan gələn həmkarlarımız çox böyük həvəslə öz dolmalarını festivalda təqdim etdilər. Bir neçə xarici ölkələrin də aşpazları festivalın nominasiyalarını aldılar.

- Sumqayıtda insanların və əsasən də ailələrin ən çox gəldiyi yer "Turan" restoranıdır. Siz az bir vaxtda bu uğuru necə qazana bildiniz?

- Mən özüm Azərbaycan Texnologiya Universitetinin yeyinti məhsulları fakültəsini bitirmişəm. 25 ildir ki, bu peşə ilə məşğulam. 1990-cı ildən artıq Sumqayıtda ictimai iaşə sahəsində çalışırdım. Təvazökarlıqdan uzaq olsa da, Sumqayıtda ailə ilə restoranda yemək yemək ənənəsini mənim rəhbərliyimlə məhz "Turan" restoranının kollektivi qoyub. Siz özünüz də 40 ildir ki, Sumqayıtda yaşayırsınız. Əvvəllər Sumqayıtda heç kim öz ailəsi ilə restorana getmirdi. Bakı ilə Sumqayıtın 30 kilometr məsafəsi olsa da burada Bakıdakı həmin ənənə demək olar ki, yox idi. Əvvəllər spirtli içkisiz restoran deyəndə adamlar gülürdü. Bunu təsəvvür etmirdilər. Amma biz bu ənənəni qoyandan sonra "Turan" restoranına insanlar öz ailələri ilə böyük axınla gəlməyə başladılar. Bu işə də ilk öncə biz özümüz başladıq. Öz ailələrimizlə restorana gəldik və bunu görən sumqayıtlılar da öz ailələri ilə gəlməyə başladılar. Əvvələr isə onlar öz ailələri ilə Bakıdakı restoranlara gedirdilər. Təsəvvür edin ki, ayrı-ayrı bölgələrdən insanlar öz ailələri ilə Bakıya getsələr görün bulvarda, yeməkxanalarda nə baş verər... Oralarda heç vaxt yer olmaz. Ona görə də biz, Sumqayıtda artıq ailələrin istirahətini təşkil etməklə böyük uğurlar qazanırıq. Bura həddindən artıq çox insanlar gəlir. Çünki bizdə yeməklərin çeşidi həddindən artıq çoxdur və həm də çox ucuzdur. Məhz buna görə də bura öz ad günlərini və başqa tədbirlərini keçirmək üçün sumqayıtlılar çox gəlirlər. Onlara burada bizim yüksək ixtisaslı aşpazlarımızın hazırladığı elə yeməkləri təqdim edirik ki, onlar həmin yeməkləri evdə hazırlaya bilmirlər. Hətta artıq Bakıdan bura çoxlu insanlar gəlir. Bu da bizim qələbəmizdir. Həm də bizim yerləşdiyimiz Nəsimi adına Mədəniyyət və İstirahət Parkı, insanların daha çox gəldiyi yerdir. Artıq bu park İcra Hakimiyyəti başçımız Zakir Fərəcovun sayəsində daha da genişlənir və gözəlləşir. Tezliklə bu parkın dünyada analoqu olmaqacaq və həmin vaxtı da bura çoxlu xarici ölkələrdən istirahət etmək, gəzmək üçün turistlər gələcəklər. Biz, onlara Azərbaycanın ən zəngin mətbəxindən çeşid-çeşid yeməklər verəcəyik. Ağız dadlarını burada tuta biləcəklər. Əlbəttə, bu yeməklərin içərisində Sumqayıt dolması da olacaq. Çünki, bu dolma artıq Sumqayıtın brendidir.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə