Gülüstan Əliyeva hesabat konserti verəcək

Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva teatr fəaliyyətinin 20 illiyi münasibəti hesabat konserti verəcək. Bu haqda SİA-ya məlumat verən müğənninin sözlərinə görə, Opera və Balet Teatrının səhnəsində oktyabr ayında keçiriləcək konsert proqramına Azərbaycanın xalq mahnıları və təsnifləri, klassik musiqi əsərləri, eləcə də bəstəkar mahnıları daxil edilib. Müğənni Siyavuş Kəriminin, Vüqar Camalzadənin və başqalarının mahnılarını repertuarına daxil edib.

Gülüstan xanım onu da bildirdi ki, opera teatrının səhnəsində uzun fasilədən sonra yeni teatr mövsümündə - noyabrın son günlərində "Vaqif" operası yeni səhnə həyatını yaşayacaq. "Vaqif" operasında Xanəndə qız obrazını yaratmaq ona həvalə olunub.

Yaradıcılıq yolunu şaxəli davam etdirən müğənni məlum Aprel döyüşlərinin baş verdiyi səbəbindən Heydər Əliyev adına Respublika sarayında təşkil edəcəyi "Ey vətən" adlı solo konsertini təxirə saldığını və həmin konserti ilin sonunadək baş tutacağını da qeyd etdi.

İstirahətini Bakıda keçirməyə üstünlük verən müğənni yay günlərinin olmasına baxmayaraq, hazırda bəstəkar mahnıları üzərində işlədiyini bildirdi.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə