Bayram Hacızadə: "Müsabiqəyə 15 ölkədən 30 yaxın əsər göndərilib"
Hər il olduğu kimi bu ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VII "Molla Nəsrəddin-Azərbaycan-2016" beynəlxalq karikatura müsabiqəsi keçirir. Bununla bağlı Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin SİA-ya verdiyi məlumata əsasən 2016-cı il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edildiyindən məhz bu münasibətlə də "Molla Nəsrəddin Azərbaycan – 2016" Beynəlxalq Karikatura Müsabiqəsinin mövzusu "Multikulturalizm" adlanır.
Bu ilki müsabiqə müasir dövrümüz üçün aktual olan bir mövzu üzərində qurulub. Bütün dünyaya Azərbaycanın multikultural dəyərələrə malik olduğu və sülhsevər ölkə olduğunu bir daha çatdırmaq istəyirik. Ümumiyyətlə, biz hər zaman aktual olan, əhəmiyyətli mövzuları seçərək müsabiqənin mövzusuna çeviririk. Bundan əvvəlki müsabiqələrdə Azərbaycan neft müqaviləsinin 20 illiyi münasibəti ilə "Əsrin müqaviləsi", daha sonra Azərbaycanın böyük karikaturaçı rəssası Əzim Əzimzadənin yubileyi ilə bağlı "Əzim Əzimzadə" adı altında beynəlxalq karikatura müsabiqələri keçirirmişik".
Onun sözlərinə görə, VII Beynəlxalq Karikatura Müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir. B.Hacızadə onu da bildirdi ki, müsabiqənin yaxın zamanda elan olunmasına baxmayaraq artıq 15 ölkədən 30 yaxın əsər göndərilib. Müsabiqəyə təqdim olunan əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək: "I, II və III yerlərin sahibləri ənənəvi olaraq qızıl, gümüş və bürünc medallarla mükafatlanacaqlar. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan ibarət kitab hazırlanacaqdır. Azərbaycanda olan 100-dən artıq karikaturaçı rəssamların çoxu bu müsabiqdə iştirak edir".
Qeyd edək ki, müsabiqəyə işlərin qəbulu 15 oktyabr tarixində başa çatacaq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB