Aktyor 70 illik yubileyinə görə mükafatlandırılıb

Aktyor 70 illik yubileyinə görə mükafatlandırılıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Məzahir Cəlilov 70 illik yubileyi münasibətilə mükafatlandırılıb. SİA-nın verdiyi xəbərə görə, Məzahir Cəlilov 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaradıb.

Bunlardan Vəkil Vadenbirn (L.Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M.İbrahimov "Közərən ocaqlar"), Papas (H.Cavid "İblis"), Şeyx Alı (S.Vurğun "Vaqif"), Sıldırım (N.Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M.S.Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ.Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B.Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C.Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B.Vahabzadə "Dar ağacı"), Ya O (Ç.Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M.F.Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N.Hikmət "Kəllə"), Məlüküldövlə (İ.Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ.Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M.Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı"), Roberto ("Silindr", Eduardo de Filippo), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə) və s. obrazlarını göstərmək olar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Məzahir Cəlilov milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə və 70 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə