Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş fərdi sərgi açılıb. SİA-nın verdiyi xəbərə görə, muzeyin direktoru Çingiz Fərzəliyev tədbiri açaraq Vidadi Nərimanbəyovun keçmiş SSRİ-də məşhur rəssam olduğunu söyləyib. Bildirib ki, rəssamın mövzuları hamını heyran edir.
Mədəniyyət və turizm nazirini müavini Ədalət Vəliyev çıxışında Vidadi Nərimanbəyovun XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan olduğunu söyləyib. Qeyd edib ki, Vidadi Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olub. Rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında alıb. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alan Vidadi Nərimanbəyov yaradıcılığında ənənələrə sadiq qalıb.
Rəssamın könüllü olaraq İkinci Dünya müharibəsinə yolladığını bildirən nazir müavini deyib ki, bu səbəbdən o, müharibə mövzusuna yaradıcılığının bütün dövrlərində müraciət edib. Vidadi Nərimanbəyovun bu mövzuda olan əsərləri SSRİ mədəniyyət günlərində nümayiş olunub.
Rəssamın övladlarının onun yolunu davam etdirdiyini söyləyən Ədalət Vəliyev deyib ki, onlar ölkəmizi xaricdə layiqincə təmsil edirlər.
Tədbirdə Xalq rəssamları Ömər Eldarov, Səhlab Məmmədov və Fuad Salayev çıxış edərək rəssamla bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərində danışıblar. Bildirilib ki, o həm də ictimai həyatda fəal insan olub.
Rəssamın qızı Nigar Nərimanbəyova atasını əsərlərindən ibarət sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, sonda qonaqlar sərgi ilə tanış olublar.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB