Nazir mehmanxananın açılışını etdi FOTOLAR

Nazir mehmanxananın açılışını etdi FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində yerləşən "AF-Hotel" mehmanxanasında model layihə əsasında hazırlanan çimərliyin açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq sahə üzrə əməkdaşları, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Bakı şəhəri və onun rayonlarının icra hakimiyyəti başçılarının müavinləri və turizm sektorunun nümayəndələri iştirak edib.

Çimərlikdə yaradılan şəraitlə tanış olan nazir Əbülfəs Qarayevə məlumat verilib ki, bir ay müddətində yenidən qurulan çimərlikdə turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılıb. Burada istirahət edən insanlar dənizlə yanaşı, çimərliyin ərazisində yaradılmış hovuz, soyunub-geyinmə otaqları, duş otaqları, çətirlər və digər vasitlərdən də faydalana bilərlər. Həmçinin insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsi də fəaliyyət göstərir.

Bildirilib ki, mövcud yerli və beynəlxalq standartlar nəzərə alınaraq hazırlanan çimərlikdə sağlamlıq imkanları məhdud şəxslərin də istirahətinin təşkili məqsədilə lazımi şərait yaradılıb. Diqqətə çatdırılıb ki, bütün insanlar üçün çimərliyə daxil olmaq ödənişsizdir. Yalnız əlavə xidmətlərə görə ödəniş tələb olunacaq.

Əbülfəs Qarayev digər müvafiq ərazilərdə də belə çimərliklərin açılmasının məqsədəuyğun olduğunu bildirib. Söyləyib ki, ölkəmizdə çimərlik turizminin davamlı inkişafını, yerli və xarici turistlərin yüksək keyfiyyətli çimərlik xidmətlərindən faydalanmasını, turizm xidməti obyektlərində insanların təhlükəsizliyini və sanitariya-epidemioloji sağlamlığını təmin etmək, həmçinin bu sahədə özəl sektor üçün çimərlik ərazilərinin standartlara uyğun planlanması və idarə edilməsi modelinin tətbiqi olunması çox vacibdir.

Nazir çimərliyin işinin müasir standartlara uyğun təşkil olunması üçün müvafiq tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə