Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyaya gedir

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyaya gedir

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti 18-23 iyul tarixində İtaliyanın Florensiya və Roma şəhərlərində təlim səfərində olacaq. SİA-nın verdiyi xəbərə görə, səfər Nazirliyin Avropa İttifaqı ilə birgə apardığı Tvinninq layihəsi çərçivəsində təşkil olunacaq. Səfərin məqsədi geniş turizm mərkəzi olan Florensiya və Roma şəhərlərinin mədəniyyət sahəsinin idarəetməsi üsullarının nəzərdən keçirilməsi, həmçinin kitabxana və muzeylərin işi ilə tanış olmaqdır. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinə Nazirliyin Aparatının rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Tvinninq Layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.

Səfər çərçivəsində Toskana Regional Hökumətinin, Toskana Muzeylər Şəbəkəsinin, Florensiya şəhər meriyasının və bələdiyyəsinin, Florensiya Uffici Qalereyasının, Florensiya YUNESKO ofisinin, müxtəlif kitabxanaların rəhbər və nümayəndələri ilə görüşlər keçiriləcəkdir. Bununla yanaşı, 21 iyul tarixində Romada İtaliya muzey sisteminin inkişaf tarixi mövzusunda İtaliyanın Mədəni irs, Fəaliyyətlər və Turizm Nazirliyində görüş nəzərdə tutulmuşdur. Səfər ərzində bütün görüşlər layihənin yerli müşaviri Alessandro Bianki tərəfindən müşayiət olunacaq.

Xatırladaq ki, "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" tvinninq layihəsi 2016-cı ilin fevral ayında fəaliyyətə başlamışdır. Bu təlim səfəri layihənin 1.3. Fəaliyyət mərhələsini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə