Azərbaycanlı nümayəndə YUNESKO üzrə Milli Komissiyalarının 6 iclasında iştirak edib

Azərbaycanlı nümayəndə YUNESKO üzrə Milli Komissiyalarının 6 iclasında iştirak edib

İstanbul şəhərində TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 6-cı iclası təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirə TURKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası, Avtonom Qaqauz Yeri, Bosniya və Herseqovina, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Monqolustan, Şimali Kipr Türk Respublikası, Türkiyə Cumhuriyyəti və Türkmənistandan 120 iştirakçı qatılıb.

Azərbaycan Respublikasını tədbirdə Xarici İşlər Nazirliyinin nəzdində YUNESKO üzrə Milli Komissiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, AMEA-nın və YUNESKO-nun yanında Daimi Nümayəndəliyinin nümayəndələri təmsil edib.

Plenar iclas və 4 fərqli seminardan (Qeyri-maddi mədəni irs üzrə 9-cu seminar, Mədəni və təbii irs üzrə 4-cü seminar, Dünya yaddaşı üzrə 4-cü seminar, Təhsil üzrə 3-cü seminar) ibarət TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 6-cı iclasında aşağıdakı mövzular üzrə müzakirələr aparılıb.

- "Çoxmillətli/seriyalı/transmilli nominasiyaların hazırlanması imkanları";

- "Davamlı inkişaf hədəfləri və 2030 Gündəliyi";

- "Mədəniyyətlərin yaxınlaşması (2013-2022) üzrə beynəlxalq onillik və onun Fəaliyyət Planı";

- "İpək Yolu əməkdaşlığı".

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xalq yaradıcılığı və Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli Qeyri-maddi mədəni irs üzrə 9-cu seminarın həm-moderatoru seçilmiş, həmçinin öz çıxış-təqdimatında Azərbaycan Respublikası tərəfindən Qeyri-maddi mədəni irsin qorunması üzrə YUNESKO Konvensiyasına qoşulduğu andan Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə YUNESKO-nun Reprezentativ Siyahısında və Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə YUNESKO-nun Siyahısında yer alması tarixi və gələcək əməkdaşlıq perspektivləri haqqında bəhs edib. BMT, YUNESKO, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən rəsmən Azərbaycan Respublikasının ərazisi kimi tanınan Dağlıq Qarabağ və ətraf rayonların işğal altında saxlanılması siyasətini Ermənistan Respublikası Azərbaycan mədəniyyətinin, o cümlədən Azərbaycan qeyri-maddi mədəni irsinin erməniləşdirilməsi vektorunda davam etdirir. Belə ki, Azərbaycan lavaşı, aşıq sənəti, balaban ("duduk" adı ilə), Köçəri rəqsi və yüzlərlə Azərbaycan və ümumilikdə türk dünyasına məxsus qeyri-maddi mədəni irs nümunələrinə qarşı vaxtaşırı erməni iddiaları qaldırılır, müxtəlif siyasi yollarla mənimsəmə cəhdləri həyata keçirilir. Bu nöqteyi-nəzərdən, TÜRKSOY-a üzv ölkələr daha sıx əməkdaşlıq etməli, YUNESKO sahəsində biri digərinə dəstək olmalı, birgə təşəbbüslər irəli sürməlidirlər.

Nazirliyin nümayəndəsi tərəfindən həmçinin TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 6-cı iclasının iştirakçılarına "Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının Mədəniyyət Paytaxtı" seçilməsinə həsr olunmuş slayd-şou nümayiş olunub.

Tədbir müvafiq qərarların qəbul olunması ilə yekunlaşıb. TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının növbəti iclasının Qırğızıstan Respublikasında keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə