Elçin Musaoğlunun 50 illik yubileyi qeyd olunub

Elçin Musaoğlunun 50 illik yubileyi qeyd olunub

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan kinosunda özünəməxsus baxışı, dəsti-xətti, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenari müəllifi Elçin Musaoğlunun anadan olmağının 50 illiyi münasibətilə yubiley tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, Elçin Musaoğlu "Qum dənəsi", "Azad Mirzəcanzadə", "O quzeylər", "Tofiq Bakıxanov". "Gəmiqaya", "Bir qəlbin iki dastanı", "Basqal", "Fotoqraf", "Maestro", "Mən kitabımı başlayıram" və sairə 50-dən artıq sənədli filmin, "40-cı qapı", "Nabat" kimi bədii filmlərin ssenari müəllifi və rejissoru olmaqla kinomuza yeni səs, yeni nəfəs gətirmişdir. Bu filmlərin hər biri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. Təkcə "Nabat" filmi 30-a yaxın beynəlxalq film festivalında iştirak etmiş, 10-dan artıq mükafata layiq görülüb.

Elçin Musaoğlu Azərbaycan Kinematoqrafçılar İttifaqının, Türkiyə Sənədli Filmçilər Birliyinin üzvü, daima axtarışda olan, öz biliyini artırmaq, dünyagörüşünü genişləndirmək istəyən bir sənətkar, səmimi bir insandır. İstər "Nabat" bədii filmi, istərsə də bu gün üzərində işlədiyi Qarabağ müharibəsində itkin düşmüş bir vətən oğlundan bəhs edən "Natiq Qasımov" sənədli filmi onu həm də vətənpərvər bir azərbaycanlı kimi səciyyələndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə