Azərbaycan Turizm və Menecment Universitetində "Məzun-2016" mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, nazirliyin məsul əməkdaşları, ali məktəb rektorları, diplomatlar, millət vəkilləri, hotel və turizm müəssisələrinin rəhbərləri iştirak edib.
ATMU-nun rektoru əvəzi Eldar Aslanov tədbiri açaraq bu il yaradılmasının 10 ili tamam olan tədris ocağının fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, ötən 10 il ərzində ATMU ölkənin turizm əmək bazarı üçün peşəkar kadr hazırlığında mühüm nailiyyətlər əldə edib. Ölkəmizdə ilk dəfə ikili diplom proqramının həyata keçirilməsi, Erasmus-Mundus, Tempus layihələrində iştirak, ölkədə ilk praktika semestrinin təşkili, peşə təhsilinin gücləndirilməsi kimi məsələlər bu fəaliyyətin mühüm istiqamətləridir. Universitetin tələbələri Türkiyə, İsrail, İspaniya, Rusiya və digər ölkələrin turizm müəssisələrində təcrübə keçirlər.
Qeyd olunub ki, ATMU 11 ixtisas üzrə bakalavr, magistr, doktorantura üzrə, o cümlədən peşə və qısamüddətli kurslarda kadr hazırlığını həyata keçirir. Bu il ATMU-dan 336 nəfər məzun olub. Onlardan 32 nəfəri magistr, 304 nəfəri bakalavr pilləsini bitirib. Beləliklə, ATMU-dan məzun olanların sayı ümumilikdə 1706-ya çatıb. Onlardan 106 nəfəri magistr dərəcəsi olanlardır. ATMU-nun builki məzunlarından 27 nəfəri eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu qazanıb. Ümumilikdə universitet məzunlarından 151 nəfəri iki diplom alıb. Növbəti tədris ilində universitetə bakalavr pilləsi üzrə 470, magistraturaya 96 nəfərin qəbulu nəzərdə tutulub.
O da vurğulandı ki, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbini bu il müxtəlif ixtisaslar üzrə 416 şagird bitirib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, ölkəmizin turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində özünün inkişaf dövrünü yaşayır. Bu inkişafı savadlı, bacarıqlı kadrlarla təmin etməkdə ATMU-nun böyük rolu var.
Məzunlara səslənən nazir müavini onların yeni həyata qədəm qoyduqlarını vurğulayıb: "Oxuduğunuz dövrdə Azərbaycanda keçirilən bütün vacib beynəlxalq tədbirlərin könüllüləri qismində çıxış etmisiniz. Azərbaycanda artıq dünya miqyaslı tədbirlərin keçirilməsi ənənəsi mövcuddur. Bu ali məktəbin tələbələri Avropa Oyunlarında, Dünya Mədəniyyətlərarası Dialoq Forumunda, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və Formula 1 üzrə Avropa qran-prisində könüllü olaraq öz töhfələrini veriblər. Siz artıq qonaqpərvərliyin nə olduğunu yaxşı bilirsiniz. Mən tam əminəm ki, bizim sənayenin nümayəndələri sizi ruh yüksəkliyi ilə qarşılayacaq".
Sevda Məmmədəliyeva bildirib ki, bu gün turizm dünyanın aparıcı sənayelərindən biridir: "Çünki insanlar hər zaman səyahət etməyə, başqa ölkələri görməyə, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olmağa maraq göstərirlər. Mənim arzum odur ki, sizin işlədiyiniz qonaqpərvərlik sənayesinin vəziyyəti o qədər yüksək olsun ki, Azərbaycana gələn insan bu ölkədən ancaq gözəl təəssüratlarla ayrılsın".
Nazir müavini çıxışının sonunda ATMU-nun işində yardım edən Avstriyanın İMC Krems Universitetinin menecment mərkəzinin müəllimlərinə, beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində tədris prosesinə dəstək verən nümayəndələrə, professor-müəllim heyətinə, eləcə də Bakı Turizm Peşə Məktəbinin müəllimlərinə təşəkkür edib.
ATMU-nun ilk rektoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun çıxışını məzun və iştirakçılar alqışlarla qarşılayıblar. C.Cəfərov bundan sonra da, ona tapşırılan vəzifənin icrası ilə bərabər, hər zaman ATMU ailəsinin üzvü olacağını diqqətə çatdırıb.
Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqramının rəhbəri, professor Valter Qross təhsilini uğurla başa vuran məzunları təbrik edib. Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova və digər çıxış edənlər də məzunlara uğurlar arzulayılar.
2015/2016-cı tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar, C Krems Tətbiqi Elmlər Universiteti ilə birgə beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub. Bildirilib ki, builki məzunlardan 5 nəfəri fərqlənmə diplomları ilə təhsillərini başa vurublar. İxtisas, fakültə və universitet birincilərinə plaketlər təqdim edilib.
Tədbir konsert proqramı ilə başa çatıb.
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB