Sumqayıt şəhərindəki Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin konsert zalında Sumqayıt Musiqi Kollecinin "Zəfər himni" adlı çox möhtəşəm bir konserti oldu. Bu konsert özünün peşəkarlığı və orijinallığı ilə Sumqayıtın musiqi tarixinə əbədi yazıldı. Bura toplaşan insanlar bu konsertdən xoş təəssüratla ayrıldılar.

Sumqayıt Musiqi Kollecinin direktoru, Əməkdar müəllim, dosent Rasim Quliyev "Zəfər himni" konsertinin əvvəlində çıxış edərək, tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib:
- Bu konsertimizlə sizi təəccübləndirmək fikrimiz yoxdur. Bu zalda əyləşən sizlər çoxlu peşəkarların konsertlərini görübsünüz. Bugünkü konsertlə bizim məqsədimiz Azərbaycanın klassik musiqilərini təbliğ etməkdir. Həm də bu musiqilərin müəllifləri Sumqayıtda böyüyüb, burada musiqi məktəblərində ilk dərslərini almış iki qardaş- Əməkdar incəsənət xadimləri, professorlar Vasif və Ceyhun Allahverdiyevlərdir. Vasif Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin tar sinifini ( müəllimi Əlislam Aslanoğlu), Ceyhun isə Qara Qarayev adına 1 nömrəli Musiqi Məktəbinin fortepiano sinifini ( müəllimi Kəmalə Səmədzadə) bitiriblər. Onlar Musiqi Texnikumunu bitirəndən sonra, ali təhsillərini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, dövrümüzün dahi bəstəkarı, dünya şöhrətli SSRİ Xalq artisti Arif Məlikovun bəstəkarlıq sinifində davam etdiriblər. Baxmayaraq onlar hələ cavandırlar, amma qısa vaxtda böyük uğurlar əldə ediblər. Onlara can sağlığı və yeni-yeni uğurlar arzu edirəm. Onlar təkcə böyük əsərlər yazmaqla yox, həm də kiçik partiyalı əsərlər yazmaqla böyük uğurlar qazanıblar. İndi həmin əsərləri bizim müəllimlər və tələbələr sizin qarşınızda ifa edəcəklər. Biz bu konserti Azərbaycan dövlətinə və dövlətçiliyinə həsr etmişik. Bu müsiqiləri ifa etməklə də demək istəyirik ki, biz ciddi musiqinin keşiyində möhkəm durmuşuq. Çünki dünya mədəniyyətinə inteqrasiyamız ciddi musiqidən keçir. Bilirsiniz ki, Azərbaycanın bəstəkarlıq məktəbi dünyanın ən qüdrətli bəstəkarlıq məktəblərindən biri olub və bu gün də həmin estafet davam edir. Bugünkü konsertə baxmaqla siz bunun bir daha şahidi olacaqsınız. Çünki bizim Kollecin də müəllimləri olan bu iki qardaşlar müasir bəstəkarlıq sənətimizin inkişafina özlərinin layiqli töhfələrini verirlər. Sözsüz ki, bu konsertin ərsəyə gəlməsində Kollecin "Konsertmeyst sinifi" fənn birləşmə komissiyasının sədri İradə Abdullayevanın zəhməti çox olub. Həmin konsertin uğurlu alınmasında Respublikanın Əməkdar müəllimi, dirijor kimi respublikada tanınan Firəngiz Xəlilovanın rəhəbəri olduğu Kollecin xor kollektivinin də çox böyük köməyi, zəhməti olub. Eləcə də başqa müəllimlərimizin də əməyini danmaq olmaz. Gəlin Vasif və Ceyhun Allahverdiyev qardaşlarının əsərlərindən ibarət "Zəfər himni" konsertini sizinlə birlikdə dinləyək.

Beləliklə, Sumqayıt Musiqi Kollecinin kollektivi, Sumqayıtdakı Bülbül adına 2 saylı Uşaq İncəsənət Məkətəbinin konsert zalında Əməkdar incəsənət xadimləri, professorlar və bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin "Zəfər himni" proqramlı əsərlərindən ibarət özünün çox möhtəşəm bir konsertini keçirməklə bir daha Sumqayıtda peşəkar kollektiv olduqlarını sübüt etdilər.
Konsertin gedişi vaxtı bu möhtəşəm Kollecin keçmiş tarixi və burada dərs deyən, yaxın təmasda olduğum böyük sənətkarlar yadıma düşdü...
Yarandığı 51 il müddətində bu peşəkar Kollec təkcə Sumqayıtda yox respublikada da öz birinciliyini qoruyub saxlayan təhsil ocaqlarından biri olub. Belə ki, bu Musiqi Kolleci 1964-cü ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin filialı kimi fəaliyyətə başlayıb. Bu da dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun təşəbbüsü ilə olub. Bir ildən sonra isə müstəqil tədris müəssisəsinə çevrilib. İlk direktoru da peşəkar musiqişi, xanəndə Əlipaşa Daşdəmirov olub. Bu texnikumun adı 1990-cı illərə qədər Orta İxtisas Musiqi Məktəbi olub. Sonra Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumu adlanıb. 2011-ci ildən isə Sumqayıt Musiqi Kolleci adlanır. Əlipaşa müəllimdən sonra Leyla Zülfüqarova iki il direktor işləyib. Ondan sonra bu təhsil ocağına mənim yaxşı tanıdığım insanlar- Bayandur Mehdiyev, Əvəz Rəhmətov, Azad Əliyev, Malik Quliyev və Ədalət Vəzirov rəhbərlik ediblər. Virtioz sənətkar, haqqında sənədli hekayə yazdığım, Respublikanın Əməkdar artisti, Azərbaycan musiqi tarixinə adını əbədi yazmış Ədalət Vəzirov 2002-ci ilin oktyabr ayının 5-də dünyasını dəyişəndən sonra, həmin ilin noyabr ayının 20-dən Rasim Quliyev bu peşəkar Kollecə rəhbərlik edir. Əməkdar müəllim Rasim Quliyevlə Ədalət Vəzirov da çox yaxın dost idilər. Rasim müəllim dostu Ədalət Vəzirovun başladığı işi çox uğurla davam etdirir və Sumqayıt Musiqi Kollecini respublikanın ən aparıcı musiqi tədris müəssisələrindən biri edib. Ən əsası isə burada sənətinin yüksək mütəxəssisləri olan professorlar, fəxri adları olan mükəmməl bilikli müəllimlər, savadlı pedaqoji heyyət işləyir və tələbələrin öz ixtisaslarını dərindən öyrənmələri üçün əllərindən gələni edirlər.

Konsertdən sonra bu gözəl tədbirin təşkilatçısı, "Konsertmeystr sinifi" fənn birləşmə komissiyasının sədri və 1997-ci ildən burada işləyən, yüksək ixtisaslı müəllimə İradə Abdullayeva ilə həmsöhbət olduq. O, bu konsertin ərsəyə gəlməsi ilə bağlı bu sözləri dedi:
- Vasif və Ceyhun Allahverdiyev qardaşlarını biz çoxdan tanıyırıq. Onların yaradıcılığına da yaxşı bələdik. Onların əsərlərini bizim köməkliyimizlə əvvəllər tələbələrimiz də ifa eləyiblər. Qaldı bu maraqlı konsertin yaranmasının çox maraqlı tarixçəsi var. Vasif və Ceyhun Allahverdiyev qardaşları bizi Azərbaycan Dövlət Filarmoniyasına dəvət etmişdilər. Orada Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrində onların əsərləri ifa olunurdu. Açığı bu əsərləri- mahnıları, romansları, vətənpərvərlik marşlarını mən əvvəllər eşitməmişdim. Orada ilk dəfə bu əsərləri eşidəndə çox xoşuma gəldi. Hətta bəzi əsərlər səslənəndə mən göz yaşlarımı saxlaya bilmirdim. Çünki mənə çox təsir etmişdi. Konsertdən sonra mən Ceyhun müəllimə yaxınlaşıb dedim ki, siz bu əsərləri bizdən niyə gizlədirsiniz? Bizim şöbədə çoxlu bəstəkarların əsərlərini tələbələrlə işləyirik. Bəs niyə sizin bu əsərləri də işləməyək? Niyə onları tələbələrə göstərməyək? Sağ olsunlar həmin əsərləri mənə verdilər. Biz də həmin əsərləri tələbələr arasında payladıq. İnanın ki, tələbələr arasında çox böyük rəqabət getdi. Çünki bir əsəri 4-5 tələbə götürüb çalırdı və ifa edirdi. Hamı istəyirdi ki, konsertdə məhz o çıxış eləsin. Təbii ki, biz ən yaxşı ifaçıları seçdik və onlar da bu konsertdə çıxış etdilər. "Zəfər himni" adlandırdığımız bu konsertın ərsəyə gəlməsində Əməkdar müəllim, Xor dirijoru şöbəsinin müdiri,

Azərbaycanda artıq xor sənətində öz sözünü deyən Firəngiz Xəlilovanın xidməti çox oldu.
Bu konserti ilk dəfə Kollecin birinci korpusunda ifa etdik. Konsert Sumqayıt Musiqi Kollecinin direktoru, Əməkdar müəllim, dosent Rasim Quliyev başda olmaqla bütün müəllimlərin xoşuna gəldi. Sonra biz bu konserti Qubadlı rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi məktəblərinin kollektivləri üçün Sumqayıt şəhər 28 may Mədəniyyət evindəki zalda göstərdik. Onların da xoşuna gəldi. Sonra bizim Bakı şəhərində yerləşən Tofiq Quliyev adına 12 nömrəli Musiqi Məktəbində çıxışımız oldu. Orada da çox məhtəşəm çıxış elədik. Onlar da bu əsərlərin bəzisini bizdən istədilər ki, sonra özləri də ifa etsinlər. Sonra Pirəkəşgül qəsəbəsindəki N saylı Hərbi hissədə 400 nəfərdən çox zabit və əsgər kollektivi qarşısında bu konsert proqramı ilə çıxış eləyəndə inanın hər nömrə gurultulu alqışlarla qarşılanırdı. Kosertdən sonra onların komandiri mənə dedi ki, "əsgərlərimiz bir həftə idi ki, poliqonda idilər. Keçən axşam onlar poliqondan qayıdıblar. Yorğun olmalarına baxmayaraq bu konsert təkcə onların xoşuna gəlmədi və həm də onlarda böyük Vətənpərvərlik sevgisi aşıladı. Belə maraqlı konsertə görə çox sağ olun".

Bu gün isə bu konsert artıq bizim dördüncü çıxışımız idi. Bu həm də bizim Sumqayıt musiqi elitası qarşısında bir növ hesabat konsertimiz idi. Çünki bu gün zalda Sumqayıtın bütün müsiqi məktəblərinin direktorları, pedaqoji kollektivləri, şagirdləri və hətta valideyinlər də iştirak edirdi. Yəni bizim konsertimiz bu gün peşəkarlar qarşısında idi. Onlar da bu konserti çox yaxşı qarşıladılar. Deməli, çəkdiyimiz zəhmət hədər getməyib. Çünki özünüz də gördünüz ki, konsertdən sonra çoxlu insanlar bizə öz təşəkkürlərini bildirdilər. Hətta musiqi məktəblərinin rəhbərləri də bizdən xahiş etdilər ki, bu musiqi əsərlərinin notlarını gələcəkdə ifa etmək üçün onlara verək.
Konsertdən sonra uzun illər Sumqayıt Musiqi Kollecində şöbə müdiri işləyən, bu şəhərdə peşəkar musiqi kollektivlərinin yaranmasında çox böyük xidməti olan, respublikada tanınan çoxlu peşəkar musiqiçilər yetişdirmiş, 50 il pedaqoji sahədə təcrübəsi olan Abdul Haşımovla bu konsert haqqında söhbət etdik. O da, bu konsert haqqında öz təəssüratını belə bildirdi:

-Sovet dövründə bizim Musiqi Texnikumun hər kollektivi vardı. Böyük nəfəs alətləri orkestri, xalq çalğı alətləri orkestrındən tutmuş, çoxlu ansambıllarımıza qədər. "Tello", "Dügah" ansambıllarımız keşmiş Sovetlər Birliyində çox məşhur idilər. Açığı indi həmin kollektivlər yoxdur. Bu günkü çıxışı görəndən sonra mən çox sevindim ki, artıq əvvəlki kollektivlər kimi Kollecimizdə peşəkar musiqi kollektivləri yaranır. 3-4 ay idi ki, onlar bu proqram üzərində işləyirdilər. Açığı səmimi deyim ki, son dövrlər Kollecimizdə belə peşəkar konsert olmamışdı. Hər şey öz yerində idi. "Zəfər himni" proqramlı konsertin ərsəyə gəlməsi "Konsertmeyster sinifi" fənn birləşmə komissiyasının sədri təcrübəli və yüksək ixtisaslı müəllimə İradə Abdullayevanın təşəbbüsü ilə reallaşıb. Müəllim və tələbələrin, xor kollektivinin (rəhbəri Əməkdar müəllim Firəngiz Xəlilova) iştirakı ilə keçən konsert, əsasən "Konsertmeyster sinifi" müəllimlərinin sinfində təhsil alan tələbələrin məharətli ifası – müşayiəti ilə yadda qaldı. İfaçılıq təcrübəsində müşayiətin özünəxas səciyyəvi çətinliklərini nəzərə alsaq, II – III – IV kurs tələbələrinin çox yüksək bacarıq və səriştə ilə solistləri və musiqi alətləri ifaçılarını müşayiət etmələri təqdirəlayiq idi. Konsert zamanı tələbələrin müşayiət etdikləri solistlərin əsasən peşəkar musiqiçi – müəllimlər olması, fənn müəllimlərinin və tələbələrin ifa məsuliyyətini daha da artırmışdı. Onlardan Respublikanın əməkdar artisti Rəna Əliyevanın (vokal), təcrübəli və yüksək ixtisaslı müəllimlər Lalə Əliyevanın (vokal), Rəhimə Əliyevanın (kamança), Könül Bəkirovanın (skripka) ifa etdikləri hər bir müsiqi nömrəsi gördünüz ki, dəfələrlə sürəkli alqışlarla qarşılandı. Konsertdə iştirak edən tələbələr arasında özlərini artıq beynəlxalq səhnə və müsabiqələrdə sınamış və uğurlar qazanmış tələbələr də vardi. Onlardan IV kurs tələbələri Firuzə Mənsumzadə (müəllimə İradə Abdullayeva), Aynur Əliyeva (müəllimə İranə Cəfərova ) , Nigar Hüseynova (müəllimə İradə Abdullayeva), Gülzar Fərəcova – xanəndə (müəllim Ehtiram Hüseynov), Rza Xosrovzadə – vokal (müəllimə Solmaz Qasımova) dəfələrlə İtalya, Macarıstan və Respublikamızda keçirilən Beynəlxalq müsabiqələrin qalibləri olublar. Xor kollektivinin ifa etdiyi Ceyhun Allahverdiyevin "Milli marş", Vasif Allahverdiyevin "Azərbaycan" mahnılarının yüksək səviyyədə və peşəkarcasına ifasını xüsusi qeyd etmək istəyirəm. "Vətən torpağı" mahnısını bəstəkar Vasif Allahverdiyev öz ifasında, yüksək səviyyədə tamaşaçıların alqışları altında bizə təqdim etdi. Həmçinin Ceyhun Allahverdiyevin "Sevəcəm", Vasif Allahverdiyevin "Gözləyəcəyəm səni" mahnıları daha çox yadda qalan ifalardan oldu. İfa edilən əsərlərin müxtəlif xarakterli və mövzulu olması konserti daha maraqlı etdi. Mahnıların sözləri əsasən musiqiçi – şairə Maya Heydərqızına məxsus idi. Maya xanım da mahnıların sözlərini peşəkar səviyyədə yazıb.
Konsertin sonunda bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlər çıxış edərək, Sumqayıt Musiqi Kollecinin rəhbərliyinə, "Konsertmeyster sinifi" fənn birləşmə komissiyasının sədri İradə Abdullayevaya, müəllimlərə, tələbələrə öz təşəkkürlərini bildirərək və belə yaradıcılıq əlaqələrinin müntəzəm olaraq davam etdirilməsinə çalışacaqlarını bildirdilər.
Bu maraqlı konsertdən sonra evə gəldikcə fikirləşirdim ki, artıq 51 ildir ki, Sumqayıtın mədəni inkişafında müstəsna yeri olan, respublikamızda tanınan musiqiçilər yetişdirmiş Sumqayıt Musiqi Kollecinə şəhərin keçmiş rəhbərlərinin çoxunun biganə münasibəti olduğuna görə hələ də bu Kollecin özünün ayrıca binası yoxdur. Kollecin hər iki korpusu yaşayış binalarının birinci mərtəbəsində yerləşir. Bu Kollec üçün uzun illər ayrıca bina tikmək məsələsi qaldırılsa da hələ bu günə qədər bu müqəddəs məsələ reallaşmayıb.
Sumqayıtın yeni İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun böyük əməyinin sayəsində artıq Sumqayıtda geniş abadlıq və quruculuq işləri gedir. Sumqayıt özünün əvvəlki simasını demək olar ki, hər gün dəyişməklə gözəl bir şəhərə çevrilir. İnanırıq ki, hörmətli Zakir müəllimin sayəsində tezliklə Sumqayıt Musiqi Kollecinin də özünün ayrıca binası olacaq. Mən Zakir Fərəcovun yüksək təşkilatçılığını, ədəbiyyatı, incəsənəti sevdiyinin şahidi olduğuma görə buna inanıram. Hətta hesabat yığıncaqlarının birində o, qeyd edib ki, "musiqi məkətəbləri yaşayış binalarının birinci mərətəbəsində yerləşdiyindən şəraitləri çox pisdir. Biz hər il onlar üçün bir musiqi məktəbi tikib təhvil verəcəyik". Deməli, Sumqayıt Musiqi Kollecinin özünün də tezliklə yeni binası olacağı ideyası uzaqda deyil.
P.S. Bu yazı çapa hazırlananda eşitdim ki, Kollecin direktoru Rasim Quliyev tələbələrə və onların müəllimlərinə konsertdə uğurla çıxışlarına görə şəxsi işlərinə yazılmaqla təşəkkür elan edib. Deməli çəkilən zəhmət öz qiymətini alıb. Bax bu da alqışa layiqdir.
Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB