Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində "Azərbaycan ordusunun yaranmasına dair nadir sənədlər və az məlum olan səhifələr" mövzusunda mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, mətbuat konfransında əməkdar incəsənət xadimi, sənədli filmlər rejissoru Ziya Şıxlinski Azərbaycan Milli Ordusunun yaradılmasına həsr olunmuş "Çətin günlərin xronikası" sənədli filminin çəkilişlərindən və həmin dövrün Silahlı Qüvvələrə aid az məlum olan sənədlərindən söhbət açıb.
Filmdə 1918-ci ilin hadisələrindən, Nuru paşanın rəhbərliyi altında türk ordusunun Azərbaycanın köməyinə gəlməsindən söhbət açılır. Bildirilir ki, Birinci Dünya müharibəsi təzəcə qurtarmışdı, Rusiyada inqilabi hərəkat davam edirdi, cəbhədən qayıdan vəhşiləşmiş erməni dəstələri Azərbaycana soxulub və Bakının dinc əhalisinə divan tuturdular. Ermənilər həmin günlərdə Azərbaycanda 12 mindən çox adam öldürüblər. Türkiyə ordusu ölkədə çətin vəziyyətə baxmayaraq azərbaycanlı qardaşlarının köməyinə gəlib.
Filmdə nadir sənədlərdən istifadə edilib, tarixin açılmamış səhifələri işıqlandırılıb.
Rejissorun sözlərinə görə, film Azərbaycan Milli Ordusunun yaradılmasının 95-ci ildönümünə həsr edilib. Film üzərində iş maraqlı olub, bəzi lazımi sənədlər Moskvada, Kinofotoarxivdə aşkar edilib.
Sənədli filmin əhəmiyyəti danılmazdır. Bu, həqiqəti dünyaya və gənc nəslə sənədlərin dili ilə çatdırmağa imkan yaradan canlı salnamədir. Ziya Şıxlinskinin film-portretləri İsmayıl Şıxlı, İmran Qasımov, Yusif Məmmədəliyev, Əliş Ləmbəranski və digər görkəmli şəxsiyyətlərə həsr olunub.
Sonda Ziya Şıxlinski jurnalistlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB