"İnsanlığa xidmət"

Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında cığır salan, əməli fəaliyyəti ilə sözünü deyən insanların mənalı və şərəfli ömür yolu neçə-neçə nəsillər üçün tədqiqat obyektinə çevrilir, zəngin irs öyrənilir. Elmi-ictimai fəaliyyəti ilə dünya miqyasında tanınan və qəbul edilən, Azərbaycan elminə böyük töhfələr bəxş edən görkəmli torpaqşünas-alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, akademik, əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Həsən Əliyevin elmi fəaliyyətinin geniş şəkildə təbliğ və tədqiqi zəruri hesab olunan nurlu ziyalılardandır. Bu günlərdə çapdan çıxan böyük alim Həsən Əliyevin elmi-ictimai fəaliyyətini, həyat və ömür yolunu əks etdirən "İnsanlığa xidmət" kitabı da, məhz bu zəruriyyətdən yaranıb. İşıqlı siması, dəyərli əsərləri ilə elm aləmində yüksək rütbədə duran Həsən Əliyevin fəaliyyətini öyrənərək, elmi cəfakeşliyini geniş ictimaiyyətə təqdim edən yazıçı-publisist İlham Yaylaqalı oğlu Əliyev Onun fədakar alim olduğunu maraqlı və dəyərli faktlarla oxucuya təqdim edir.

Xatırladaq ki, müəllifin "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazisinə köçürülməsi" publisist əsəri və "Qanlı vadi" romanı ilə artıq oxucular tanışdılar. Bu əsərlərin davamı olaraq çapdan çıxan "İnsanlığa xidmət" kitabının redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, "Ön söz"ün müəllifi isə coğrafiya elmləri doktoru Mahmud Xəlilovdur.

Müəllif alimin təbiətin və ətraf mühitin qorunması üçün gördüyü işlərin əhəmiyyətini qeyd edərək insanlara, cəmiyyətə xidmətinin ali tərəflərini göstərir. Bunun Onun vətənpərvərliyindən, böyüdüyü və tərbiyə aldığı şəcərədən qaynaqlandığını qələmə alan müəllif çağırış və müraciətləri ilə Həsən Əliyevin ən ali məqsədə İNSANLIĞA XİDMƏT etdiyini göstərir. Beynəlxalq tiribunalarından etdiyi çıxışlarının coğrafiyasının geniş olduğunu göstərərək Həsən Əliyevin Yunanıstanda, Polşada, ABŞ-da, Rumıniyada, İsveçrədə və onlarla belə xarici dövlətlərdə etdiyi məruzələrin hər kəsdə maraq doğurduğunu bildirir.

Müəllif Həsən Əliyevi hərtərəli olaraq oxuculara təqdim etməyə çalışır, keçdiyi ömür yolunu, elmdə gördüyü böyük işləri həyata keçirdiyi yenilikləri çərçivəsində işıqlandırmağa nail olur. Kitabda yer alan "Pənahalı xan Cavanşirin yadigarı Comərdli", "Tur Heyerdaldan Nəsən Əliyevə minnətdarlıq", "Strateji sahə – kənd təsərrüfatı" və s. məqalələrdə böyük alimin elmi töhfələrini diqqətdə saxlayaraq, təbiətşünas alimin Azərbaycan təbiətinin, meşələrinin, torpağının qorunub-saxlanılmasında və inkşafı sahəsində gördüyü işləri elmi faktlarla diqqətə çatdırır. Hətta tanınmış alimlərin Onun haqqında yazdığı məqalələri və söylədiyi fikirləri ilə oxucularını tanış etməklə, akademik ətrafında dolğunluğu ifadə etməyə çalışmışdır.

Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan Həsən Əliyevin elmi fəaliyyətindən söz açaraq, Onun Azərbaycan Təbiəti Mühafizə Komitəsinin yaradıcısı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti kimi də fəaliyyətini qeyd edir.

Akademik Həsən Əliyevin ömür yolu çox zəngindir və bu zəngin ömürdə isə Azərbaycana, onun təbiətinə sevgi dayanır. "İnsanlığa xidmət" kitabında da müəllif Onun elmi fəaliyyətini diqqətə çəkməklə, daxili dünyasının sevgisini və hərarətini qələmə alır.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə