AŞ-ın Rəhbər Komitəsinin 5-ci iclası başlayıb

AŞ-ın Rəhbər Komitəsinin 5-ci iclası başlayıb

Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 5-ci iclası işə başlayıb. SİA-nın verdiyi xəbərə görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

İclasda Şuranın müvafiq sahələrdə konvensiyalarının icrası, 2017-2018-ci illərə dair proqram nəzərdən keçirilib, habelə növbəti iclasadək Rəhbər Komitəsinin sədri və büro üzvləri seçilib. Azərbaycanın öncəki illərdə bu büroya iki dəfə seçildiyini nəzərə alaraq, nümayəndə heyəti büroya regiondan Gürcüstanın namizədliyini təklif edib.

İclas zamanı həmçinin Mədəni Marşrutlara dair təqdimat keçirilib, Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təqdim olunan tövsiyələr və Mədəni İrsin qeyri-qanuni dövriyyəsinə dair hazırlanacaq yeni konvensiya müzakirə olunub. Azərbaycan tərəfi çıxış edərək, qeyd olunan konvensiyanı dəstəklədiyini bildirib.

Müasir zamanda yeni texnologiyaların mədəniyyətə təsiri mövzusuna dair müzakirələrə də iclasda mühüm yer ayrılıb. Xatırladaq ki, "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransı" 2014-cü ildə Bakıda keçirilib. Bununla bağlı Rəhbər Komitə Azərbaycan hökumətinə təşəkkür edib və üçüncü platforma görüşünün bu il sentyabr ayında Estoniyanın Tallin şəhərində təşkil olunacağını bildirilib. Həmçinin Avropa Şurasının dəstəyi ilə yaradılan "Compendium" və "HEREİN" adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son bir il ərzində tətbiq edilən yeniliklər təqdim olunub.

Nümayəndə heyətimiz Belçikanın Valloniya bölgəsinin Mədəni irs üzrə naziri cənab Maksim Prevo, Avropa Şurasının demokratik idarəetmə şöbəsinin direktoru Klaudia Luçiani və digərləri ilə görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə