Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının bu sayına da respublikamızın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları daxildir. SİA-nın verdiyi xəbərə görə, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun "Naxçıvan diyarında misgərlik və zərgərlik sənətlərinin inkişaf tarixindən", sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovanın "Azərbaycan Milli İncəsənət Muzeyinin xalça kolleksiyası", Nurlan Nəsirovun "Elxani hökmdarı Keyxatu xanın kağız pul (çao) islahatı", Sədulla Nuriyevin "Metropoliten Muzeyində Ağqoyunlu mədəniyyət nümunələri", tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun "Milli Azərbaycan Tarixi Muzeyində "I Şah İsmayıl - sərkərdə və hökmdar" sərgisi", Zəhra İslamovanın "XVIII əsr rus mənbələri Azərbaycan memarlığı haqqında", Aysel Ümidin "Simvolların sirri", Araz Qurnabovun "Rəmzlər nədən danışır?" kimi məqalələri tarixşünaslıq və sənətşünaslıq elmlərinin aktual problemlərinə həsr edilmişdir. Jurnal bu sayında da Azərbaycanın boyaq bitkiləri haqqında ənənəvi rubrikasını davam etdirir. Oxucular Mayis Qasımovun, Vidadi Muradovun və Tünzalə Qasımovanın Azərbaycan təbiəti üçün xarakterik olan südləyən bitkisi haqqında təcrübələr əsasında hazırladıqları məqalə ilə tanış ola bilərlər. Filadelfiya İncəsənət Muzeyində saxlanılan qədim Azərbyacan xalçaları haqqında məlumatlar fotoşəkilləri ilə birlikdə təqdim edilmişdir. "Kunstkamera: Rusiya mədəni irsinin salnaməsidir" məqləsində Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnoqrafiya Muzeyinin direktoru tarix elmləri doktoru Yuriy Çistov bu tarixi muzey haqqında maraqlı məlumatlarla çıxış edir, bu elm ocağının Azərbaycan elmi ictimaiyyəti ilə əlaqələrindən danışır.
Qeyd edək ki, jurnalın baş redaktoru əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB