“İçərişəhər Formula 1-in gözü ilə” və “Meydan Bazarı”

“İçərişəhər Formula 1-in gözü ilə” və “Meydan Bazarı”

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 17-19 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışları ərəfəsində İçərişəhərdə "İçərişəhər Formula 1-in gözü ilə" və "Meydan Bazarı" adlı tədbir keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbir İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda, iyun ayının 11, 12, 18, 19, 25, 26-sı tarixlərində təşkil olunacaq.

Yaxın günlərdə ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramı ilə əlaqədar növbəti dəfə bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq, dünyanın hər yerindən sürət həvəskarları, eləcə də idmansevərlər ölkəmizin qonağı olacaqlar. Bununla belə, sözügedən tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan mədəniyyəti və incəsənətinin, o cümlədən İçərişəhərin dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

"Meydan Bazarında" ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunacaq.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək. Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə