"ASAN xidmət"də "Koreya Mətbəxi Festivalı" keçirilib YENILƏNIB

"ASAN xidmət"də "Koreya Mətbəxi Festivalı" keçirilib YENILƏNIB

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Koreyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Multikulturaliz ili çərçivəsində "Koreya Mətbəxi Festivalı" keçirilib. SIA-nın xəbərinə görə, festivalın keçirilməsində məqsəd bəşəri ideyaların, adət-ənənələrin və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir.

Festival çərçivəsində vətəndaşlar həm Koreya mətbəxinin müxtəlif təamlarını dada biləcək, həm də zəngin mətbəx haqqında geniş məlumat əldə edəcəklər. Festivalın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu, Dövlət Agentliyinin sədri İnam Kərimov və digərləri iştirak edib.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib və belə tədbirlərin keçirilməsi ölkəmizin müxtəlif ölkələrin mədəniyyətlərinə verdiyi dəyərin göstəricisidir: "Bu il ölkəmizdə BMT-Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Bu cür tədbirlərin Azərbaycanda baş tutması ölkəmizin multikultural dəyərlərə malik olmasını bir daha göstərmiş olur. Artıq dünyada ölkəmizin multikultural dəyərlərinə verdiyi qiymət haqqında danışılır və müsbət qiymətləndirilir".

Ə.Qaraye söyləyib ki, mətbəxin mədəniyyətə daxil edilməsi sevindiricidir:"Hər bir ölkənin siması onun mətbəxidir. Biz öz mətbəximizi nümayiş etdirməklə mədəniyyətimizi nümayiş etdirmiş oluruq".

Nazir Azərbaycan-Koreya arasında mədəni münasibətlərdən də danışıb. O deyib ki, bu günkü festival mədəniyyətin kulinariya vasitəsilə təqdim edilməsində bir körpüdür.

Daha sonra çıxış edən Koreya səfiri Azərbaycan Koreya arasındakı sıx münasibətlərdən söz açıb. O, festivalın təşkilinə görə, hər kəsə təşəkkürünü bildirib. Daha sonra səfir öz milli mətbəxləri haqqında məlumat verib.

Agentliyin sədri Inam Kərimov isə bildirib ki, Koreya ilə əlaqələrin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur: ""ASAN Xidmət" artıq bir neçə bu kimi tədbirlərə təşkilatçılıq edib. Xüsusilə də Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bir neçə belə tədbirlər həyata keçirilib".

İ.Kərimov qeyd edib ki ASAN xidmət mərkəzləri indiyədən 10 milyon müştəriyə xidmət göstərib ki, onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da var.

Açılış mərasimindən sonra iştirakçılar Koreya mətbəxi ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə