Qəbələ Mədəniyyət Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi filmlərin nümayişinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, filmlərin nümayiş olunmasında əsas məqsəd bölgəyə gələn turistlərin asudə vaxtlarının səmərəli təşkili və yeni çəkilmiş Azərbaycan filmlərinin təbliğ olunmasıdır.
Layihə çərçivəsində "Dərs" və "Vəkil hanı?" bədii filmləri nümayiş olunur.
Məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, onların dünyagörüşünün formalaşmasından bəhs edən "Dərs" bədii filmi 2015-ci ildə tamaşaçıların ixtitarına verilib.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyevdir. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri rol alıblar.
Nümayiş olunan digər film isə rejissor Ülviyyə Könülün "Vəkil hanı?" bədii filmidir. Ekran əsərinin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyevdir. Operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Rəşad Haşımovdur.
Rolları Bəhruz Vaqifoğlu, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram Bağırzadə, Naina İbrahimova və başqaları ifa ediblər.
Qeyd edək ki, filmlərin nümayişi iyulun 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB