Azərbaycan turizmi Rusiya mətbuatında

Azərbaycan turizmi Rusiya mətbuatında

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan "Tour A Vent" şirkətinin təbliğat işləri nəticəsində Rusiyanın "vashdosug.ru" saytında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, müəllif Lyudmila Burkinanın "Azərbaycan-qədim tayfalar, halva və neft başlıqlı" yazısı bu fikirlə başlanır: "Bakı gözəl şəhərdir amma burada başqa gəzməli məkanlar da var ki, siz ora mütləq ayrıca səyahət etməlisiniz".

Məqalənin "Bilgəh-sahil və çılçıraq" yarımbaşlığında Azərbaycan turizmi haqqında fikirlər yer alıb: "Aydın məsələdir ki, Azərbaycan turizm mərkəzlərindən birinə çevrilmək əzmindədir. Ölkənin turizm imkanlarının tanıdılmasına burada təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərin də təsiri var. Kosmopolit Bakı şəhəri bu gün Bakı 2015 I Avropa oyunları, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları, "Evrovision" mahnı yarışması, "Formula 1" kimi mötəbər tədbirlərə ev sahibliyi edir. Ölkənin zəruri infrastrukturu: möhtəşəmliyi ilə diqqət çəkən hava limanı, hamar magistral yollar, təmiz, baxımlı və xiyabanlarla zəngin paytaxt qonaqları qəbul etməyə hazırdır. Burada yenidən bərpa edilən və tamamilə müasir üsulda inşa olunan stadion və saraylar turistləri heyran etməyə bilməz. Bu tikililər siyahısına Heydər Əliyev Mərkəzi, Fairmont, Four Season, Kempinski, Marriot kimi dünya şəbəkəsinə daxil otellərini də qeyd etmək lazımdır.

Bakı şəhəri xüsusən də, mərkəz turistlər üçün memarlıq abidələri, yeni tikililəri, qonaqpərvərliyi ilə maraqlı şəhərdir və burada turistlər istədikləri əyləncəni tapmaq imkanına malikdirlər. Amma Xəzərin sahilində çimərlik turizmindən yararlanmaq üçün mütləq Abşeron yarımadasının şimal sahilində yerləşən Bilgəh qəsəbəsinə baş çəkməyi unutmayın!"

Məqalədə daha sonra "Qobustan qədim tayfaların izi ilə" yarımbaşlıqla Qobustan Dövlət Tarixi Bədii Qoruğu haqqında dolğun məlumat verilir. Qobustana səyahət zamanı qayaüstü rəsmlər, qayalar və buradan görünən dağların möhtəşəm mənzərəsi məqalədə müxbir qələminin sehri ilə tərənnüm edilir.

Məqalənin sonunda Lyudmila Burkina bir daha Azərbaycana səyahət zamanı təkcə paytaxt Bakını deyil, ətraf qəsəbə və bölgələrə səyahəti də tövsiyə edir.

Məqalə ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış olmaq mümkündür:

http://www.vashdosug.ru/msk/travel/article/2432921/

Bütün xəbərlər Facebook səhifəmizdə