Qazaxıstanın turizm nümayəndələri paytaxtımızın qonağıdır

Qazaxıstanın turizm nümayəndələri paytaxtımızın qonağıdır

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycana turistlərin cəlb olunması, həmçinin, Qazaxıstanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə 5-11 iyun tarixlərində Qazaxıstanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədirlər. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Qazaxıstanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında işçi görüşü (work shop) keçirilib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşları Türkan İsmayılova və Aysel Əliməmmədova, "AGT", "Rantour", "Geo-travel", "Regea travel", "Turizm.az", "Atlas travel", "Gilan Tourism", "Victory tour", "Granit AS", "The Tour" və "Flame travel" turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Görüşün əvvəlində ölkəmizin turizm potensialına dair video təqdimat izlənilib.

Tədbirdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı Qəbələ, Naftalan, Gəncə və Şəkiyə səfər edərək, bu regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə