Müşfiq Hətəmov: "Hədəfimiz potensiallı gənc kadrların formalaşmasıdır" AÇIQLAMA

Müşfiq Hətəmov: "Hədəfimiz potensiallı gənc kadrların formalaşmasıdır" AÇIQLAMA

"Azərbaycanda animasiya sektorunun inkişafı məqsədilə, bütün gərəkli addımlar atılır". Bunu SİA-ya açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

O bildirib ki, "Azərbaycanfilm" kinostudiyasının yeni kadr siyasətinə və bədii islahatlar planına uyğun olaraq, 14 gəncdən ibarət yaradıcı qrup təşkil olunub: "Təyin olunmuş qrupla birgə yeni tammetrajlı cizgi filminin lentə alınması nəzərdə tutulub. Çox təəssüf ki, ölkəmizdə animasiya sahəsi zəif inkişaf etdiyindən, bu istiqamət üzrə kifayət qədər dərsliklər, vəsaitlər və hazırlıq mərkəzləri yoxdur. Bu baxımdan, mövcud imkanlara uyğun olaraq, film çəkiliş prosesində müvafiq dəqiqələrə bölünəcək. Sözügedən layihəni xarici və yerli mütəxəssislərin köməkliyi ilə başa çatdırmağı planlaşdırırıq.

Bildiyiniz kimi, "Azanfilm" studiyası uzun müddət kadr çatışmazlığı problemi yaşayırdı. Bunu həll etmək məqsədilə, kinostudiyada müsabiqə elan etdik. Nəticədə, 14-ə yaxın istedadlı gənc seçildi. Bunların hamısı heç də bütün tələblərə cavab verməsə də, ümid edirik ki, zamanla daha da inkişaf edəcəklər.

"Azərbaycanfilm" kinostudiyasında son üç il ərzində 28-dən çox gənc rejissor tərəfindən qısametrajlı film lentə alınıb. Yüksək potensiallı yaradıcı insanlara ehtiyacı olan qurum olaraq, qarşıdakı hədəfimiz bu kimi gəncləri daha da formalaşdırmaqdır. Bu baxımdan, tammetrajlı film çəkməkdə məqsədimiz həm də yeni kadrların çəkiliş zamanı təcrübə əldə etməsinə nail olmaq, nəzərdə tutulan hazırlıq prosesindən keçirməkdir. Ümumiyyətlə, "Azərbaycanfilm" uzun müddətdir ki, texniki avadanlıq və kadr çatışmazlığından əziyyət çəkirdi. Lakin Prezident İlham Əliyevin imzaladığı "Kinonun inkişafına dair dövlət proqramı" çərçivəsində kinostudiya Mədəniyyət və Turizm Nazirliyi texniki avadanlıqların bir hissəsi ilə təmin olundu. Hazırda ikinci məsələnin həlli ilə bağlı islahatlar aparılır. Bunun nəticəsində həm kadr çatışmazlığı problemi aradan qalxacaq, həm də yaradıcı gənclər müvafiq işlə təmin olunacaq.

"Azərbaycanfilm"in rəhbəri həmçinin, kinostudiyada yeni layihələrin həyata keçirildiyini, həmçinin, xarici ölkələrlə mədəni əlaqələrin qurulduğunu qeyd edib: "Hazırda kinostudiyada kinorejissor Mirsadıq Ağazadənin quruluş verdiyi "Köşk" filminin çəkilişlərinə başlanıb. Ekran əsərinin ssenari müəllifi İmir Məmmədlidir. Filmin yaxın zamanlarda tamamlanması planlaşdırılır.

Bundan əlavə, ənənəmizə sadiq qalaraq, beynəlxalq əlaqələrin də qurulması istiqamətində mütərəqqi addımlar atılır. Belə ki, hal-hazırda Türkiyə, İran və Fransa kinematoqrafçıları ilə əməkdaşlıq haqqında danışıqlar gedir. Əgər qarşılıqlı şərtlərimiz uyğun olarsa, gələcəkdə müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə