"Bölgələrdən paytaxta"nın Lənkərana həsr olunan təqdimatı keçirilib FOTOLAR
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən "Bölgələrdən paytaxta" layihəsinin Lənkərana həsr olunan təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə,qonaqlar öncə teatrın foyesində bölgənin tarixi və mədəniyyəti, adət-ənənələri, xalq sənətkarlığı, mətbəxi, sosial-iqtisadi inkişafı və turizm imkanlarını əks etdirən sərgi, həmçinin, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri, Lənkəran haqqında nəşrlərlə tanış olublar.
.jpg)
Mərasimin açılışını edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, təşkil olunan tədbir Lənkəranın tarixinin, mədəniyyətinin, məişətinin, sakinlərinin istedadının təbliğ olunmasında böyük əhəmiyyətə malikdir: "Lənkəran Azərbaycan tarixində, ölkənin formalaşmasında və inkişafında mühüm rol oynamış bölgələrimizdən biridir. Bu dilbər guşə hələ xanlıqlar dövründə sərkərdələri, igidləri ilə öz sözünü deyib. Azərbaycan müstəqilliyini qazandığı illərdə də Lənkəran öz təşəbbüskar mövqeyi ilə digər bölgələrə də nümunə olmağı bacarıb. Şəhərin sürətlə inkişaf etməsi nəticəsində yeni mədəniyyət müəssisələri yaradılıb, yararsız hesab olunan binaların yerində mərkəzlər inşa olunaraq, əhalinin istifadəsinə verilib.

Xüsusilə qeyd edim ki, Lənkəran Azərbaycanın ən böyük turizm regionlarından biridir. Rayonun təbiəti, sosial-iqtisadi rifahı, təbii ehtiyatları, qonaqpərvər əhalisi daim turistlərin bölgəyə axın etməsinə şərait yaradıb. Azərbaycanın turizm inkişaf proqramlarında Lənkəran öndə gedən şəhərlərdəndir. Nəticədə, bura gələn turistlərin sayı sürətlə artmaqdadır. Ölkə başçısının Azərbaycan mədəniyyətinə və turizminə olan diqqət və qayğısını nəzərə alaraq, biz də çalışmalıyıq ki, regionu əlverişli turizm mərkəzinə çevirək".

Çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də dinamik inkişafın özünü qabarıq şəkildə biruzə verdiyini vurğulayıb: "Bu gün mədəni irsimizin qorunması, təbliği istiqamətində ölkəmizdə səmərəli işlər görülür. Azərbaycanın adının dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada çəkilməsində Mədəniyyət və Turizm Nazirliyinin də xidmətləri danılmazdır. "Bölgələrdən paytaxta" layihəsi tarixi keçmişimizin, mili mənsubiyyətimizin, ənənələrimizin təbliğ olunmasında böyük əhəmiyyətə malikdir. Layihə nəticəsində regionların iqtisadi, mədəni, ictimai-sosial inkişafı ictimaiyyətə geniş şəkildə təqdim olunur. Bu baxımdan, növbəti təqdimatı Lənkərana həsr etdiklərinə görə, rayonun sakinləri adından Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm".

Daha sonra cənab nazir tərəfindən Taleh Qaraşova layihənin simvolu və diplom, həmçinin, icra başçısı tərəfindən Əbülfəs Qarayevə Lənkəranın təbiətini təsvir edən tablo və xalça hədiyyə edilib.

Mərasim Lənkəranın bədii kollektivlərinin və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində 2015-ci ildə Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala rayonlarının, 2016-cı ildə isə Abşeron, Şuşa və Qusar rayonlarının Bakı şəhərində təqdimatı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB