Əməkdar artist: "Bundan sonra istənilən layihədə yer almağı düşünmürəm" MÜSAHİBƏ

Əməkdar artist: "Bundan sonra istənilən layihədə yer almağı düşünmürəm" MÜSAHİBƏ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

-Şövqi bəy, məlumata görə, bu yaxınlarda beynəlxalq festivalda iştirak etmisiniz. Səfəriniz necə keçdi?

-Bəli. May ayının 21-dən-26-dək Moskva vilayətinin Lobnya şəhərində keçirilən "Rus klassikası" Beynəlxalq Teatr Festivalında Vətənimizi təmsil etmək şərəfinə nail oldum. Qeyd edim ki, Azərbaycan ilk dəfə bu festivalda 2006-cı ildə qatılmışdır. Bu ilki festivalda Azərbaycanla yanaşı, Almaniya, ABŞ, İspaniya, İsrail, Avstraliya, İrandan, eyni zamanda, Rusiyanın Sankt-Peterburq, Moskva, Novosibirsk şəhərlərindən gəlmiş aktyorlar tamaşa ilə çıxış edirdilər. Beynəlxalq layihədə N.V.Qoqolun "Dəlinin qeydləri" mono-tamaşasını canlandırdım. Sevindirici haldır ki, təqdim etdiyim səhnə əsəri festivalın "Ən yaxşı mono-tamaşa"sı nominasiyasına layiq görüldü. Bu, məni çox qürurlandırdı. Bununla yanaşı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə "Azərbaycan teatr mədəniyyətinin Rus klassikası ilə parlaq əlaqələri"nə görə, diplom və mükafatla təltif olundu.

-Rusiya tamaşaçıları Azərbaycan teatrı, ümumiyyətlə, mədəniyyəti haqqında nə dərəcədə məlumatlı idilər? Səfər çərçivəsində Lobnya şəhərinin sakinləri arasında bununla bağlı maarifləndirmə işləri apardınızmı?

-Bilirsiz, teatr kollektivi bundan öncə də Rusiyanın bir çox şəhərlərinə qastrol səfərlərində olub. Lobnya şəhəri də Rusiyanın mərkəzinə yaxın məsafədə yerləşdiyi üçün, şəhər sakinlərinin Azərbaycan teatrı, ümumilikdə mədəniyyəti haqqında ətraflı məlumatları var idi. Bu baxımdan, Şri-Lankaya qastrol səfərimiz zamanı insanları Azərbaycan teatrı ilə bağlı maarifləndirməyə gərək duyduğumuz halda, Rusiyada artıq buna ehtiyac yox idi.

-Teatrda işlər necə gedir? Hazırda hansı tamaşalarda rol alırsınız?

-Hal-hazırda yeni tamaşa üzərində çalışırıq. Bu, Kalmıkiya Respublikasından teatrımıza dəvət olunmuş rejissor Boris Manciyevin quruluş verdiyi tamaşada mən də rol alacam. Səhnə əsəri Kalmıkiya Teatrı ilə Gənc Tamaşaçılar Teatrı arasında imzalanmış dörd illik müqaviləyə əsasən hazırlanır. Tamaşanın premyerası iyunun 11-də baş tutacaq.

-Yeni film təklifləri necə, hələki yoxdur?

-Sonuncu dəfə kinorejissor Yavər Rzayevin lentə aldığı "Xeyirlə şərin rəqsi" filmində rol aldım. Ekran işinin premyerası mayın 27-də gerçəkləşdi. Ondan sonra hələki, heç bir film təklifi olunmayıb.

-Uzun zamandır sizi televiziya seriallarında görmürük...

-Bəli. Bir müddət yerli televiziyalarda yayımlanan 3-4 serialda rol aldım. Lakin bundan sonra istənilən layihədə yer almağı düşünmürəm. Hesab edirəm ki, yaşım və yaradıcılıq təcrübəm mənə təkliflər arasında seçim etmək imkanı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə