Milli Kitabxanada treninqlərə başlanıb FOTOLAR

Milli Kitabxanada treninqlərə başlanıb FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin birgə layihəsi əsasında respublikanın şəhər və rayonlarından İxtisasartırma Mərkəzinə tədris keçmək üçün gələn kitabxana işçilərinin Milli Kitabxananın Treninq Mərkəzində kitabxananın trenerləri tərəfindən tədris olunan "İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi", "ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları", "Milli Kitabxananın innovativ onlayn xidmətləri" mövzularında il boyu mütəmadi olaraq davam edəcək treninqlərin açılış mərasimi olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bu treninq işinə uğurlar arzulayaraq əhəmiyyətindən danışıb. O, öz çıxışında informasiyalı cəmiyyətdə informasiyanın hər şeyin önünə keçdiyini, artıq yeni informasiya almağın dövrün tələbinə çevrildiyini, insanların yeni informasiya arxasınca getdiyini bildirib. Belə bir cəmiyyətdə nəzəriyyənin təcrübə ilə vəhdət təşkil etməsinin labüdlüyündən danışaraq, kitabxanaçılıq elminin təcrübi elm olduğunu söyləyib. O, sözügedən işin davamı olaraq, treninqlərin regionlarda keçiriləcəyini bildirib.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov əvvəlcə mərkəzin artıq 50 ildir ki fəaliyyət göstərdiyindən, hazırda 35 kateqoriya üzrə treninqlərin keçirildiyindən, 6 ildir səyyar tədrisin təşkil olunmasından danışıb. İnnovasiyaların tətbiqinin zamanın tələbi olduğunu söyləyərək, tədris və təlimdə istəyin də əsas rol oynadığını, inkişafın təlim və tədrisə bağlı olduğunu bildirib.

Sonda Azərbaycan Milli Kitabxanası ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq barədə Müqavilə imzalanıb və treninq öz işinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə